YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Avropada baş verən terror hadisələri dünya, böyük dövlətlər üçün ciddi siqnaldır

«Son günlərdə Avropada baş verən terror hadisələri dünya, böyük dövlətlər üçün ciddi siqnaldır. İl yarım bundan öncə Fransanın "Charlie Hebdo" jurnalının redaksiyasında terror aktı törədilərkən Avropa nəticə çıxarmalı idi». Bu fikirləri yap.org.az saytına YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Yaxın Şərqdə gedən müharibələrin qarşısını alınmalı idi, terrora yaradılan şəraitin qarşısı alınmalı idi, İŞİD-ə qarşı çox ciddi mübarizə aparılmalı idi, Suriyada vətəndaş müharibəsinin dayandırılması üçün ciddi tədbirlər görülməli idi. Eləcə də, işğalçı və terrorçu Ermənistana qarşı ciddi siyasi təzyiqlər göstərilməli idi. Ancaq bunların heç biri baş vermədi, dünya bütün bunlara sakit yanaşdı, əksinə, bütün bu istiqamətlər üzrə vəziyyəti daha da gərginləşdirən addımlar atıldı.

«Terror bu gün Ermənistanın dövlət siyasəti səviyyəsində yürüdülən xəttdir. Ermənistan rəhbərləri Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycan və erməni xalqlarının heç zaman bir yerdə yaşaya bilməyəcəyi kimi irqçi bir tezis irəli sürürdülər. Bütün bu məsələlərə göz yuman Avropa bu gün onun acı nəticələrini dadmaqdadır. Terrora qarşı mübarizə qətiyyətlə, hamılıqla və tez bir zamanda aparılmalıdır. Terroru yaradan səbəblər aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Dünyada sabitliyin yaranması üçün, təhlükəsiz dünyanın mövcudluğu üçün maksimum işlər görülməlidir»- deyə, A.Mirzəzadə vurğulayıb.