YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “G20”nin Sammiti çərçivəsində keçirilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələrdə çıxış edib

Noyabrın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından “Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə verilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müzakirələrdə çıxış edib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub.

Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub.

Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi zəbt olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur. Prezident İlham Əliyev dövlət başçılarının diqqətini dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara Ermənistan tərəfindən əməl olunmaması faktına cəlb edib.

Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.