YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT komitəsinin sessiyasında Azərbaycanın dördüncü dövri hesabatı təqdim edilib

Cenevrə şəhərində BMT-nin işgəncələrə qarşı komitəsinin 56-cı sessiyası çərçivəsində İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinə baxılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sessiyada ölkəmiz Azərbaycan Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

X.Xələfov Azərbaycanın dördüncü dövri hesabatını təqdim edib. O, ölkəmizin BMT-nin müqavilə orqanları ilə əməkdaşlığa önəm verdiyini bildirib. Nazir müavini Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. O, həmçinin məhkəmə və penitensiar sistemin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, dövlət idarəçiliyi islahatı, “ASAN xidmət”in yaradılması və fəaliyyəti, məişət zorakılığı, insan alverinin qarşısının alınması və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X.Xələfov ərazilərimizin 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu bildirib. O, işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində maneələr kimi qiymətləndirib. Münaqişə nəticəsində 4 mindən çox soydaşımızın itkin düşdüyünü deyən nazir müavini onların Ermənistan tərəfindən qeyri-qanuni saxlandığını və müxtəlif işgəncələrə məruz qaldıqlarını qeyd edib. Bununla yanaşı, 2014-cü ilin iyulundan Ermənistan tərəfindən girov götürülən və bu günə kimi ölkəmizin işğal olunmuş ərazilərində erməni əsirliyində saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı edilən işgəncə, qeyri-insani davranışların hökumətimizin ciddi narahatlığına səbəb olduğunu komitə üzvlərinin diqqətinə çatdırıb.

Sessiya çərçivəsində komitə üzvləri nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunması, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, Konvensiyanın müddəalarının qanunvericilikdə təsbit edilməsi və hesabatımızda Konvensiyanın həyata keçirilməsi sahəsində görülmüş tədbirlərin ətraflı şəkildə əks etdirilməsini təqdir ediblər.

Sessiya zamanı ölkəmizdə insan hüquqlarının təmin olunması ilə bağlı komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb.

Tədbir interaktiv dialoq formasında keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv