YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir

«Konstitusiya mövcud dövlətin bütov hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktdır. Konstitusiyaların formal təyinatından başqa, digər əlavə keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir. Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar konstitusiyada müəyyən edilən qayda və proseduraya uyğun qəbul edilməlidir». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Konstitusiyanın qəbulu dövlətçiliyimizin mohkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.

«Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiya quruluşunun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair. Əsas Qanunda konseptual baxımdan yeni ideyalardan biri ictimai münasibətlər sistemində dövlətin rolu ilə bağlıdır. Belə ki, ölkəmizin uzun illər daxil olduğu sovet siyasi sistemində dövlətin cəmiyyət həyatındakı rolu fövqəladə xarakter daşıyır, dövlət maraqları ilə şəxsiyyətin maraqları arasında yaranan münasibətlərdə üstünlük birmənalı olaraq birinciyə verilirdi. Bu isə sözsüz ki, liberal demokratiya üçün öncül amillərdən olan şəxsi hüquq və azadlıqların müdafiəsinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu baxımdan, Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir»- deyə, Z.Əsgərov vurğulayıb.