YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Ermənistan regionda sabitliyə təhlükə yaradır

Noyabrın 10-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Jung Ho-Sub ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, admiral Jung Ho-Subun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, eləcə də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə əklillər və gül dəstələri qoyub.

Nazirlikdə nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Azərbaycan ilə Koreya Respublikası arasında müdafiə, o cümlədən hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri, ölkələrimizin yerləşdikləri regionlarda təhlükəsizlik məsələləri müzakirə olunub.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq Azərbaycan-Koreya Respublikası əlaqələrinin möhkəm dostluğa əsaslandığını xüsusi qeyd edib.

Görüşdə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin təşkili, azərbaycanlı hərbi dəniz zabitlərinin Koreya Respublikasının hərbi məktəblərində və akademiyalarında təhsil almaları, şəxsi heyətin döyüş gəmilərində təcrübə keçmələri, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazasına ziyarəti, müasir infrastruktura malik ərazi və hərbi gəmilərlə tanışlığı, eləcə də şəxsi heyətlə görüşləri keçiriləcək.

Səfər noyabrın 11-dək davam edəcək.