YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Londonda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Londonda “Dünya səyahət bazarı-2015” ənənəvi beynəlxalq turizm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan sərgidə uğurla təmsil olunur.

Nazirliklə yanaşı, sərgidə 15 yerli turizm şirkəti - “Atlas”, “STİ travel”, “SW travel”, “Galaxy”, “Şahdağ” turizm mərkəzi, “Delta Group”, “AL Travel”, “ENC”, “Turizm.az”, “The Tour”, “GEO travel”, “Convention”, “ATA travel”, “Gilan Turizm”, “AZTA”, 1 otel –“Absheron Hotel”, həmçinin “Azərbaycan Hava Yolları” təmsil olunur.

Burada icarəyə götürülmüş 105 kvadratmetrlik sahədə Azərbaycan stendi quraşdırılıb, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Azərbaycan stendi sərgiyə gələn ziyarətçilərə paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və video-çarx ilə təmin edilib.

Sərgi zamanı ziyarətçilərlə işgüzar görüşlər keçirilib və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.

Ölkəmizin stendini Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş katibi Taleb Rifai ziyarət edib və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanovun başçılıq etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirilib. Azərbaycan nümayəndə heyəti, həmçinin BMÜT və Dünya Turizm Sərgisinin təşkilatçılığı ilə keçirilən “Məkan brendinqi: dəyişən bazarda yeni problemlər” adlı sammitdə iştirak edib. Sammitdə dünya turizmində aktual məsələlər müzakirə olunub.

2002-ci ildən başlayaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq 13-cü dəfədir ki, “Dünya səyahət bazarı” beynəlxalq turizm sərgisində iştirak edirlər.

Sərgi noyabrın 5-dək davam edəcəkdir.