YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Sədr müavini Əli Əhmədov: Azərbaycan vətəndaşlarının YAP-ı dəstəkləmək istəkləri daha da güclənib

“Qələbələrin hamısı bir-birinə bənzəyir. Çünki burada sınaqdan uğurla çıxmaqdan söhbət gedir. YAP-ın növbəti parlament seçkilərində qələbəsi də sevindiricidir. Bu, YAP-ın bir tərəfdən seçki kampaniyasının uğurunu təsdiq edir, digər tərəfdən partiyamızın ölkəmizin siyasi-ictimai həyatındakı mövqeyini və rolunu müəyyənləşdirmiş olur. Əgər bütövlükdə bu seçkinin ortaya qoyduğu reallıqları bir daha nəzərdən keçirsək, belə bir amili də qeyd etməliyik ki, seçkinin nəticəsi YAP-ın ölkəmizin həyatında alternativsiz siyasi güc olduğunu bir daha göstərdi. Seçkinin ortaya qoyduğu mühüm nəticələrdən biri məhz bundan ibarətdir. Bu mənada qələbəmiz həmişə bizim üçün böyük əhəmiyyət kəsb edib. Təbii ki, noyabrın 1-də səsvermə nəticəsində ortaya çıxan reallıq, qələbə YAP üçün mühüm əhəmiyyət kəsb edir”.  Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan”qəzetinə müsahibəsində deyib.

Əli Əhmədov bildirib ki, biz seçkiyə gedərkən qarşımıza qoyduğumuz vəzifə ən azından beş il bundan əvvəl parlament seçkiləri zamanı əldə etdiyimiz nailiyyəti təkrarlamaqdan və Azərbaycanın parlamentində YAP-ın çoxluğunu təmin etməkdən ibarət olub. Belə bir seçki vəzifəsi ilə biz seçki marafonuna qatılmışdıq. Məmnunluqla onu qeyd etmək istəyirəm ki, Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan ilkin nəticələrə görə, YAP parlamentdə çoxluğunu qoruyub saxlayıb. Yenə də YAP parlamentdə 70-dən çox deputatı ilə təmsil olunacaq. Hesab edirəm ki, bu, bütövlükdə qaneedicidir və böyük zəhmətin nəticəsində mümkün olub. Onun sözlərinə görə, yeni seçilən deputatlarımızın bir qismi bundan əvvəlki Milli Məclisin üzvləri olublar. Eyni zamanda YAP gənc və digər üzvləri də sırasında namizədlər kimi irəli sürmüşdü ki, onların da bir qismi deputat mandatı qazanaraq parlamentdə təmsil olunmaq hüququ əldə etdilər. Seçkilər kifayət qədər seçki yarışması ab-havası şəraitində keçdi. 
“Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu seçkilər demokratik mühitdə, azad və şəffaf keçirilib və Azərbaycan xalqının iradəsini ifadə etmək kimi fundamental vəzifə yerinə yetirilib. Vətəndaşlarımız, xalqımız öz iradəsini növbəti dəfə ifadə edib və bu, yeni formalaşan Milli Məclisdə öz əksini tapır. Beləliklə, YAP bu seçkilərin nəticələrinə görə qalibdir. Biz bu qələbəmizi əvvəlki qələbələrdən fərqləndirmirik. Amma bir məqamı da qeyd etmək istərdim ki, qarşımıza qoyduğumuz məqsədimizə nail ola bildik. 
Maraqlı haldır ki, 2010-cu ilin və 2015-ci ilin parlament seçkiləri zamanı qazanılan deputat yerlərinin sayı nöqteyi-nəzərindən YAP üçün uğurlu olmaqla yanaşı, həm də eynidir. Belə ki, 2010-cu ilin parlament seçkilərində də YAP 70-dən yuxarı deputatla parlamentdə təmsil olunmuşdu. Bu seçkidə də ilkin nəticələr onu göstərdi ki, YAP 70-dən yuxarı deputatla Milli Məclisdə təmsil olunacaq. Lakin bir məsələni xüsusi vurğulamaq istərdim ki, bu müddət ərzində YAP-ın mövqeləri daha da möhkəmlənib. Azərbaycan vətəndaşlarının YAP-ı dəstəkləmək istəkləri daha da güclənib. 
YAP-ın təqdimatı ilə namizədliyi irəli sürülənlərin hər biri dərk etməlidirlər ki, onların Milli Məclisdə təmsil olunmaq hüququ qazanmasına əsas verən başlıca amil Prezident İlham Əliyevin adı ilə bağlıdır. Mən onların özlərinin şəxsi keyfiyyətlərini və bundan irəli gələn qələbəsinə təminat verən cəhətləri arxa plana keçirmək, əhəmiyyətini azaltmaq istəmirəm. Amma birmənalı olaraq ilk sırada Prezident İlham Əliyevin yüksək reytinqini və onun rəhbəri olduğu partiyadan irəli sürülən namizədlərə vətəndaşlarımızın öz səsini vermək istəyinin olmasını ayrıca vurğulamaq istəyirəm. Hesab edirəm ki, YAP-ı parlamentdə təmsil etmək hüququ qazanmış hər bir deputat buna görə partiyasına və onun sədri İlham Əliyevə

minnətdar olmalıdır”- deyə, YAP Sədrinin müavini vurğulayıb.