YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dominik Koko: Bakı öz tarixi simasını qoruyaraq, çağdaş elementləri özündə əks etdirir

İtaliyanın “Sicilia Journal” onlayn jurnalında Azərbaycanın Siciliya və Kalabriya bölgələrinə yeni təyin olunmuş fəxri konsulu Dominik Kokonun müsahibəsi yerləşdirilib. Müsahibəsində Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşən D.Koko özünü bu ölkədə evindəki kimi hiss etdiyi deyib. Bildirib ki, Azərbaycanın iqtisadi və mədəni potensialını öyrənmək üçün bu ölkəyə səfər etməyə dəyər.

Azərbaycan ilə Sicilya bölgəsi arasında bir sıra oxşar cəhətlərin olduğunu deyən fəxri konsul son illər Bakının bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini xüsusi vurğulayıb. Bildirib ki, bu sırada ilk Avropa Oyunlarını, gələn il təşkili nəzərdə tutulan Formula 1 (F1) üzrə Avropa Qran-pri yarışlarını qeyd etmək olar.

D.Koko bildirib ki, ənənələrlə innovasiyanın qovuşduğu Bakıda xeyli sayda İtaliya şirkətləri fəaliyyət göstərir. Sürətlə dəyişən bu şəhər öz tarixi simasını qoruyaraq, çağdaş elementləri özündə əks etdirir. O, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzinin onda böyük təəssürat yaratdığını bildirib.

Ölkələrimiz arasında əlaqələrə toxunan D.Koko diqqətə çatdırıb ki, xüsusilə TAP layihəsinin reallaşması ilə Azərbaycanın Avropa, o cümlədən İtaliya ilə əlaqələri daha genişlənəcək.