YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İranın Şərqi Azərbaycan vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə bir daha yaxından tanış olmaları üçün də yaxşı fürsət yaradacağını qeyd etdi. Əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ölkələrimizin bütün sahələrdə dostluq və qardaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərmələrinin önəmini vurğuladı. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana, özünün isə İran İslam Respublikasına rəsmi səfərlərindən sonra ikitərəfli əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyən dövlətimizin başçısı ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə inkişafından məmnunluğunu ifadə etdi. Həyata keçirilən bir çox müştərək layihələrə, o cümlədən İran-Azərbaycan dəmir yolu layihəsinə toxunan Prezident İlham Əliyev bu layihələrin regional əhəmiyyətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimizin uğurlu əməkdaşlığının regionda sabitliyin möhkəmləndirilməsi baxımından rolunu xüsusi qeyd edərək bildirdi ki, bütün bunlar dövlətlərimizin siyasətlərinin xalqlarımız tərəfindən dəstəkləndiyini göstərir.

İsmayıl Cabbarzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayan İsmayıl Cabbarzadə hələ o vaxtlar Naxçıvanla çox yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişafının təməlinin məhz o zamanlar Ulu Öndər tərəfindən qoyulduğunu məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.