YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Builki parlament seçkilərində 63,5 min nəfər gənc ilk dəfə səs verəcək

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 63,5 min nəfər gənc ilk dəfə səs verəcək. Seçki günü 257 nəfərin 18 yaşı tamam olacaq.

Bu fikir parlament seçkilərində gənclərin fəallığı üzrə gənclər təşkilatlarının nümayəndələri ilə oktyabrın 20-də keçirilən görüşdə səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən görüşdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak edirlər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbiri açaraq Azərbaycanda keçirilən seçkilərdə gənclərin fəal iştirakından, ölkəmizdə dövlətçilik ənənələrinin inkişafında onların rolundan, yeni nəslin milli vətənpərvərlik ruhunda yetişməsinin vacibliyindən danışıb. O, Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində iştirakın hər bir gəncin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Müstəqilliyin hər bir xalqın tarixində ən böyük nemət olduğunu qeyd edən MSK sədri Məzahir Pənahov seçkilərin ölkə həyatında əhəmiyyətini yüksək qiymətləndirib. Məhz bu baxımdan bəzi qüvvələr bir ölkənin həyatında qarışıqlıq yaratmaq istəyəndə ilk növbədə seçkilərdən istifadə etməyə çalışırlar. Dövlətin suverenliyinin onun gənclərinin inkişaf səviyyəsindən asılı olduğunu bildirən M.Pənahov məhz bu baxımdan gənclərin milli vətənpərvərlik ruhunda yetişməsinin hər bir ölkənin həyatında vacib rol oynadığını bildirib.

Parlament seçkilərinin Azərbaycanın ictimai-siyasi mühiti üçün əhəmiyyətini qeyd edən M.Pənahov bildirib ki, vətəndaşlarımız bu prosesdə fəal iştirak etməlidirlər. Cəmiyyətin ən fəal təbəqəsi kimi gənclər də seçkilərdə aktiv olmalıdırlar.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlar əldə etdiyini vurğulayan Məzahir Pənahov bildirib ki, ilk dəfə səs verəcək gənclərin sayı 63,5 min nəfərdir. Seçki günü 257 nəfərin 18 yaşı tamam olacaq. Gənclərin parlament seçkilərində fəal iştirak edəcəklərinə əminliyini bildirən MSK sədri bu prosesdə onlara uğurlar arzulayıb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu görüşün ilk dəfə səs verəcək gənclərin xatirəsində daim qalacağını vurğulayaraq son illər Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən birinin gənclər siyasəti olduğunu bildirib. Əli Həsənov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinin idarə olunmasında fəal iştirak edən güclü gənclər ordusunun formalaşdığını deyib. Bu gün Azərbaycan gəncliyi dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə müqayisə ediləcək səviyyədədir.

Bu görüşdən sona gənclər təşkilatlarının Azərbaycan gəncləri, o cümlədən ilk dəfə səs verəcək gənclər arasında geniş təbliğati işlər aparacağına əminliyini ifadə edən Əli Həsənov birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində gənclərin mühüm rol oynadığını xatırladıb. “Bu gün gəncliyin əsas vəzifələrindən biri də seçkilərdə fəal iştirak etməkdir”, - deyən Prezidentin köməkçisi onların seçkilərlə bağlı geniş təbliğati və maarifləndirmə işləri aparmalarının, eləcə də ölkəmizdə seçkilərin demokratik şəraitdə keçirilməsinə mane olmağa çalışan qüvvələrə qarşı fəal olmalarının vacibliyini diqqətə çatdırıb.

Sonra gənclər və idman naziri Azad Rəhimov və gənclər təşkilatlarının nümayəndələri çıxış edərək dövlət gənclər siyasəti nəticəsində əldə edilən uğurlardan, parlament seçkilərində gənclərin iştirakının əhəmiyyətindən danışıblar.