YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehmet Ali Beyhan: Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələdir

Gəncə şəhəri həm türk, həm də İslam dünyası üçün önəmli bir mədəniyyət mərkəzidir. Odur ki, dörd ildən bir keçirilən Beynəlxalq Atatürk konfransının bu şəhərdə reallaşması hər birimiz üçün xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri VIII Beynəlxalq Atatürk konfransının təşkilat komitəsində təmsil olunan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan AZƏRTAC-a müsahibəsində deyib. Tanınmış tarixçi alim vurğulayıb ki, Qafqaz tarixi türk dünyası üçün çox önəmlidir. Çünki Azərbaycan türk dünyasının Orta Asiyaya bağlandığı körpü rolunu oynayır. Elə buna görə də konfransın Azərbaycanda keçirilməsini məqsədəuyğun hesab etdik.

“On üç ölkədən 130 tarixçi alimin iştirak etdiyini konfransda Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərini müzakirə etdik. Çıxışlarda çox mühüm məsələlərə toxunuldu. Xüsusilə XIX əsrdən başlayaraq indiyədək azərbaycanlılara qarşı törədilən soyqırımların, torpaq iddiası ilə aparılan müharibələrin səbəbləri ətrafında maraqlı faktlar açıqlandı. Ermənilərin böyük dövlətlərin havadarlığı ilə Dağlıq Qarabağı Ermənistana birləşdirmək barədə məkrli siyasətinin iç üzü bir daha açıldı. Əlbəttə, bütün bunlar həqiqətdir. Lakin həqiqətin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələdir. Mənə elə gəlir ki, VIII beynəlxalq Atatürk konfransı bu işin öhdəsindən layiqincə gəldi”,-deyə Mehmet Ali Beyhan bildirib.