YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: “Sosial sığorta daxilolmalarının artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin azalmasına səbəb olub”

“Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 185 milyon 200 min manat təşkil etmiş, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 1 milyard 305 milyon manata çatıb”. Bu barədə Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev məlumat verib.

O qeyd edib ki, bu artım tendensiyası dövlət büdcəsindən ayrılan  transfertin ötən ilin müvafiq dörü ilə müqayisədə 27 milyon 500 min manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sistemi iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136  min nəfəri ötüb.

E.Mehdiyev vurğulayıb: “Bu tədbirlər fəaliyyətin avtomatlaşdırılmasının daha da genişləndirilməsi ilə müşayət olunub, 2015-ci ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artmaqla 2 milyona çatıb, vətəndaş müraciətlərinin sayı isə  27 faiz azalıb.”

Fondun sədri diqqətə çatdırıb ki, bu ilin 9 ayı ərzində Fondun xərcləri 2 milyard 195 milyon manat olub və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı vaxtında icra olunub. Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 196 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir ki, bu da beynəlxalq standartlara uyğundur.