YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Şirəliyev: Azərbaycanda indiyədək 2183 dərman vasitəsinin qiyməti təsdiqlənib və qiyməti aşağı salınıb

Vətəndaşların səhiyyə ilə bağlı müraciətləri adətən təcili həll olunmalıdır. Bunu nəzərə alaraq, keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib. Vaxtilə vətəndaşlar ərizə ilə, məktubla nazirliyə müraciət edib, xeyli gözləməli olurdular. İndi isə bir növ Səhiyyə Nazirliyinin “Asan xidmət”i funksiyasını yerinə yetirən bu Mərkəz onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. Doqquz ay ərzində Elektron Səhiyyə Mərkəzinə 22 min insan müraciət edib, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunub.

Bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev söyləyib.

O.Şirəliyev bildirib ki, dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramı hazırlanıb və tətbiq olunur. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçilməsi daxildir.

Onun sözlərinə görə, bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib və onların da qiyməti aşağı salınıb. Səhiyyə naziri ölkə başçısının təşəbbüsü ilə atılan bu addımın əhali arasında böyük əks-səda doğurduğunu və hər bir insanın gündəlik problemlərinin həllinə yönəldildiyini qeyd edib.