YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Bahar Muradovanın Füzuli rayonunun Horadiz şəhərində və Qazaxlar kəndində seçicilərlə görüşü olub

84 saylı Füzuli Seçki Dairəsindən V çağırış Milli Məclisin deputatlığına Yeni Azərbaycan Partiyasının namizədi Bahar Muradovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü keçirilib. Görüş Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz şəhərindəki Muğam evində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verib və onun vəkillərini görüş iştirakçılarına təqdim edib. Təşkilatın sədri və vəkillər öz çıxışlarında V çağırış parlament seçkilərini böyük siyasi və əlamətdar hadisə kimi dəyərləndirərək Azərbaycanın bugünkü həyatında onun əhəmiyyətini xüsusi qeyd ediblər.
Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev, şəhid ailəsinin üzvü Fəridə Quliyeva, təqaüdçü Tehran Hacıyev, gənc müəllimə Gülbahar Eyvazova və Nəriman Nəsirov söz alaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-ın namizədlərinə səs verəcəklərini bildirərək Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağını əminliklə ifadə ediblər. 
Seçicilər qarşısında çıxış edən Bahar Muradova görüş iştirakçılarını salamlayaraq YAP-ın namizədi olaraq ona göstərilən etimada görə partiya rəhbərliyinə və hal-hazırda parlamentdə təmsil etdiyi Füzuli rayonunun seçicilərinə minnətdarlığını bildirib. O, ölkə Prezidenti və YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan dövləti və xalqı üçün müstəsna əhəmiyyəti barədə danışaraq hər kəsi ölkəmizin taleyinə biganə qalmamağa, Heydər Əliyev yadigarı olan YAP-ın ideologiyasına sadiq qalmağa çağırıb.

84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradova həmçinin, rayonun Qazaxlar kəndində seçicilərlə görüşü olub.