YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: TANAP-a ortaq ölkələrin əl-ələ verməsi layihəyə investisiya prosesini sürətləndirəcək

Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinin reallaşdırılması üzrə işlər hazırda sürətlə davam etdirilir. Tərəflər layihənin həyata keçirilməsində həmrəylik nümayiş etdirirlər. TANAP-a ortaq ölkələrin əl-ələ verməsi layihəyə investisiya prosesini sürətləndirəcək.

Bu sözləri dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində İstanbulda keçirilən “G20 energetika nazirlərinin görüşü”ndəki çıxışında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qeyd edək ki, görüşdə Azərbaycan energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.