YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir

Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun səfəri çərçivəsində Bakıda Azərbaycan və Sankt-Peterburqun dövlət iqtisadi strukturlarının və biznes ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilir.

Azərbaycanda İnvestisiyaların İxracı və Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycan və Rusiyanı strateji tərəfdaşlıq kimi xarakterizə edilən möhkəm iqtisadi, siyasi və humanitar əlaqələr birləşdirir, iqtisadi əməkdaşlıq isə bu tərəfdaşlığın əsas tərkib hissələrindən biridir. O məlumat verib ki, Azərbaycan Rusiya Federasiyasının 78 regionu ilə əməkdaşlıq edir, 17 subyektlə müqavilə imzalanıb. Azərbaycan və Sankt-Peterburq arasında qarşılıqlı iqtisadi əlaqələr üzrə xeyli təcrübə əldə edildiyini bildirən R.Məmmədov mövcud əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb. Ölkəmizin müxtəlif iqtisadi sektorlarında təxminən 600 Rusiya şirkəti təmsil olunur, Azərbaycanın biznes ictimaiyyəti rusiyalı həmkarları ilə fəal əməkdaşlıq edir.

Sankt-Peterburq hökumətinin sahibkarlığın və istehlak bazarının inkişafı üzrə komitənin sədri Elgiz Kaçayev Bakıda və artıq tanış olduqları müəssisələrdə gördüklərindən valeh olduğunu bildirib. O deyib: “Azərbaycan möhtəşəm uğurlar qazanıb. Layihələrdə nəzərdə tutulanlar öz nəticələrini verir”.

Görüşdə Azərbaycan və Sankt-Peterburqun iqtisadiyyatlarının təqdimatı keçirilib, investisiya siyasətinin əsas prinsipləri, əlverişli investisiya mühiti haqqında məlumat verilib. Birgə biznesin inkişaf etməsinin mümkün olduğu sahələr – kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, energetika və elektronika, inşaat və digər sahələrə xüsusi diqqət yetirilib.

Sankt-Peterburqun nümayəndələri Azərbaycan sahibkarlarını bu il oktyabrın 7-dən 9-dək keçiriləcək Sankt-Peterburq Beynəlxalq İnnovasiya Forumuna dəvət ediblər. Dekabr ayında açılacaq Sankt-Peterburq Milad yarmarkasında “Azərbaycan günü”nün keçirilməsi barədə təklif irəli sürülüb.

Biznes forum öz işini Azərbaycan və Sankt-Peterburq biznes nümayəndələrinin ikitərəfli görüşü formatında davam etdirib.