YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri mövzusunda seminar-müşavirə öz işinə başlayıb

Oktyabrın 2-də Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə öz işinə başlayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov tədbirin bu formatda ilk dəfə keçirildiyini bildirib. Qeyd edilib ki, seçkinin şəffaf, demokratik və azad keçirilməsi üçün bu proses mətbuat üçün açıq olmalıdır. MSK yerli və beynəlxalq mətbuat nümayəndələrinin seçki prosesində iştirakında maraqlıdır. Bu günə qədər ölkəmizdə keçirilən seçkilərdə bu məsələ ilə bağlı heç bir problem olmayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə qeyd edib ki, tədbir Milli Məclisə seçkilərin şəffaf, demokratik keçirilməsinə öz müsbət təsirini göstərəcək.

Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycanın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub. Bu da ölkəmizdə bütün seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsinin göstəricisidir.

Bu gün Mərkəzi Seçki Komissiyasının bir institut kimi formalaşdığını deyən Prezidentin köməkçisi bildirib ki, MSK seçkilərin ən yüksək standartlar səviyyəsində keçirməyə qadir bir qurumdur.

Hər bir dövlətin imicinin formalaşmasında mətbuatın mühüm əhəmiyyətə malik olduğunu söyləyən Əli Həsənov bildirib ki, seçki prosesinin dəyərləndirilməsində də KİV-in rolu əvəzsizdir. Çünki KİV bu prosesdə yeganə tərəfsiz rola malikdir.

Ölkəmizdə mətbuatın inkişafı üçün görülən işlərdən danışan Əli Həsənov vurğulayıb ki, Azərbaycan dövləti KİV-in seçki prosesinin işıqlandırılmasında obyektiv, qanunlar çərçivəsində iştirakını daim dəstəkləyir.