YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Praqada Azərbaycan və Çexiya hökumətlərarası qarışıq komissiyanın iclası keçirilib

Sentyabrın 10-da Praqa şəhərində Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə qarışıq komissiyanın 3-cü iclası keçirilib.

Azərbaycanı iclasda iqtisadiyyat və sənaye nazirinin müavini, komissiyanın ölkəmiz tərəfindən həmsədri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinə fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov və Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev daxildir.

Çexiyanı isə iclasda sənaye və ticarət nazirinin müavini, komissiyanın həmsədri Vladimir Bartlın rəhbərliyi ilə rəsmi şəxslər təmsil ediblər.

Tədbirdə Çexiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Komissiyanın həmsədrləri həmçinin müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın perspektivlərini də müzakirə ediblər. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında vacib rol oynadığı bildirilib.

Qarışıq komissiyanın 3-cü iclasının yekununda Çexiya və Azərbaycan arasında protokol sənədi imzalanıb. Protokolda ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, İKT və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları əksini tapıb. Sənəddə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dair Çex Respublikasının tam dəstəyi bir daha bəyan edilib.

Azərbaycan nümayəndə heyətinin Çexiyanın sənaye və ticarət naziri Yan Mladek ilə görüşü olub. Görüşdə ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişaf perspektivləri, habelə Avropa İttifaqı və Cənubi Qafqaz regionu arasında münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.