YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır

“Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. Yəni, bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir.” Bu fikirləri sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə söyləyib.

 Prezidenti İlham Əliyev qeyd edib ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib: “Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdir. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir. Nəyə görə? Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Antiazərbaycan qüvvələr, islamafob qüvvələr, bizim müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, işimizə kölgə salsınlar. Bu gün də bizə qarşı çirkin kampaniya davam edir - Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı, indi. Nəyə görə? Çünki biz ölkəmizi qoruyuruq. İmkan vermirik və verməyəcəyik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar.”