Xəbərlər
Şəmkirdə Heydər Əliyevin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova, Şəmkir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Sənan Məmmədli və Şəmkir rayonu Kür qəsəbə Mədəniyyət evinin direktoru Rəfiqə Mürsəlova Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin xalqımızın taleyində oynadığı misilsiz rolu ilə xatırlandığını söyləyib. Qeyd olunub ki, Ümummilli Lider öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən parlaq salnaməsini yaradıb.
Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.
Çıxışlardan sonra bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.