YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun ən qüdrətli ordusu

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paraddakı çıxışında bu əminliyi ifadə etmişdir: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır… Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Cənab İlham Əliyevin böyük inam hissi ilə səsləndirdiyi bu çağırışdan çox keçmədi ki, Azərbaycan xalqı Zəfər sevincini yaşadı.  2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu nəyə qadir olduğunu nümayiş etdirdi.  30 illik işğal dövründə Azərbaycan diplomatik mübarizədə üstünlüyünü qorumaqla yanaşı, suverenliyimizin, müstəqilliyimizin qarantı olan ordumuzun daha da güclənməsini, qüdrətlənməsini təmin etdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu istiqamətində aparılan islahatları daha geniş sahədə davam etdirən, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində ölkəmizin müdafiə qüdrəti daha da artdı. Silahlı Qüvvələrimizin döyüş təcrübəsi nəticəsində qazanılan Qələbə  Azərbaycanı dünyada hərbi qüdrəti ilə seçilən dövlət kimi tanıtdı.

Bütün bunlar ordu quruculuğu sahəsində qazanılan uğurların nəticəsidir. Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlamışdı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Müstəqilliyimizin bərpasının ilk illəri yaddaşlardadır. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.

Yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsullar hesabına avadanlıqların, hərbi texnikanın, silah –sursatın ixracının azalması, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda təşkil olunan İDEX beynəlxalq müdafiə sərgilərində iştirakı ölkəmizə marağı artırır. İllərdən bəri ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsi istiqamətində görülən işlər, milli ordumuzun ən müasir silahlarla təminatına yönələn diqqət, Azərbaycanın Silahlı Qüvvələrinin gücünün, qüdrətinin təcəssümü olan İkinci Qarabağ müharibəsindəki Zəfərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” sözlərinin də əbədi təsdiqi oldu. Dünyanın aparıcı hərbi məktəblərində xüsusi əməliyyatlar kimi tarixə düşən Azərbaycanın döyüş təcrübəsi öyrənilir, təhlil olunur.