YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə və “28 May - Müstəqillik Günü”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib.

Əvvəlcə Yasamal rayonu ərazisində Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə anılıb.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.

Elmi-praktiki seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” adlı videoçarx nümayiş olunub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin banisi, Ümummilli Lider Heydər Əliyevin ölkə gənclərinin milli ruhda tərbiyəsinə həsr olunmuş, bu gün də dəyərini saxlayan zəngin tövsiyələri ensiklopedik zəkanın məhsulu kimi çox qiymətlidir. Ulu Öndər Heydər Əliyev gənclərdə milli ruhun tərbiyəsini, mənəviyyatımızı vətən əxlaqı ilə əlaqələndirməyi tövsiyə edib: “Bu müasir gənclik üçün həyat devizidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığı ilə fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün mühüm təşəbbüslərin gerçəkləşməsində yaxından iştirak edirlər. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir gəncə, gənc ailəyə xüsusi diqqət və qayğısı isə danılmazdır”.

Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclərin ictimai-siyasi fəaliyyəti bir çox ölkələr üçün nümunədir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclər forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib: “Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına imkan verir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, bundan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqlənir. Biz bu bağlılığa Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi Zəfərlərimizdə gənclərin müstəsna rol oynaması ilə bir daha şahid olduq”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, 44 günlük Vətən müharibəsi iştirakçıları Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Anar Mirzəyev, baş leytenant Qəzənfər Ağayev və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxışlarında qeyd ediblər ki, ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Qələbələrimizdə Azərbaycan gəncinin vətənpərvərliyi, əzmi bütün dünyaya nümayiş olundu.

Sonra Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları “Heydər Əliyev. 100 faktın tarixi” adlı kitab tədbir iştirakçılarına təqdim olunub.

Çıxışlardan sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqəsi, partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman, YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran fəal gənclərə isə sertifikatlar təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.