YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcəkdir

Mayın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun dəstəyi ilə ənənəvi “Qala festivalı” və III beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılış mərasimi keçiriləcəkdir.

Heydər Əliyev Fondundan bildirmişlər ki, həmin gün Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində təşkil olunacaq festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edəcəkdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival xalqımızın zəngin tarixi keçmişini və ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.

Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş etdiriləcək, rəqs ansambllarının çıxışı olacaq, müxtəlif interaktiv oyunlar təşkil ediləcəkdir.

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçiriləcək festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən də uşaqlar dəvət olunmuşlar.

Qala qəsəbəsində həmin gün daha bir layihənin - III beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılış mərasimi olacaqdır.

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının dəstəyi ilə keçiriləcək sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdiriləcəkdir.

Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim olunacaqdır.

Sərginin əsas məqsədi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat verirlər. Bununla da “lazımsız əşyalar toplusu”dan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.

Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyildir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” pilot layihəsini həyata keçirir.

Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtlı-vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılmışdır.