YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə abadlıq-quruculuq işlərinin miqyası genişlənir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi regionların inkişafı hər zaman öndə gəlib. Ölkəmizin bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində atılan mühüm addımlar regionlarımızı yeni bir simaya malik olmasına, vətəndaşlarımızın xoş güzəranının, rifahının artmasına səbəb olub.

Prezident İlham Əliyevin mütəmadi regionlara səfərləri, görülən işlərlə bağlı tövsiyə və tapşırıqları bölgələrin işıqlı gələcəyinə rəng qatır, ölkəmizin hərtərəfli inkişafına töhfələr verir. Ölkə rəhbərinin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoymasında iştirak etməsi də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsinin təsdiqi oldu.

“Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.” Dövlətimizin başçısı cənab İlham Əliyevin Şirvan suvarma kanalının təməlinin qoyması zamanı söylədiyi bu fikirlər xalqın güzəranının daha da artırılmasının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi.

Sevindirici haldır ki, Şirvan suvarma kanalı vasitəsilə 10 rayonun, gələn ildən inşasına başlanılacaq Qarabağ kanalı vasitəsilə 9 rayonun ərazisi suvarılacaq, torpaqlara yeni nəfəs gələcək.

“Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək. Hələ bunlardan başqa bir çox layihələr olacaq ki, sadəcə onlar işin həcmi nöqteyi-nəzərdən daha kiçikdir. Amma hər bir layihənin əhəmiyyəti var və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq”. Qalib Liderimizin qeyd etdiyi kimi, əldə edilən uğurlar ölkə rəhbərimizin möhkəm iradəsi, əzmkarlığı, xalq-dövlət birliyi sayəsində reallaşır və neçə-neçə nailiyyətlərə yol açacaq, ölkəmizin gücünü, qüdrətini daha da artıracaq. Çünki, ölkə Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş strategiyasının nəticəsində regional inkişaf proqramları uğurla icra edilir və Azərbaycanın iqtisadi imkanların artmasına, müasir infrastruktur quruculuğuna, abadlıq-quruculuq işlərinin miqyasının genişlənməsinə müsbət təsir göstərir.