YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas hədəf idxaldan asılılığı azaltmaqdır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Prezident İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində iqtisadiyyatın inkişafı üçün möhkəm təməlin yaradıldığını, bundan sonra bu təməl üzərində  yeni islahatların həyata keçiriləcəyini diqqətə çatdırdı. Bu hədəf də açıqlandı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edildi. Ötən il sayca dördüncü Dövlət Proqramı icrasını uğurla başa çatdırdı.

2003-cü ilin sosial-iqtisadi gösəriciləri ilə bugünün rəqəmlərini müqayisə etdikdə qəbul edilən Dövlət Proqramlarının ölkəmizin dayanıqlı inkişafında əhəmiyyətli rol oynadığını aydın şəkildə görə bilərik. Son 20 ildə atılan addımların uğurlu nəticələrinə nəzər salaq. Ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb.

Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bir daha diqqəti uğurlarımıza yönəldərək icrası nəzərdə tutulan layihələrdən geniş bəhs etdi. Hədəflərdən də bəlli oldu ki, kənd təsərrüfatının inkişafı prioritetlər sırasındadır. Əsas hədəf idxaldan asılılığı azaltmaqdır.

O da bildirildi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır: “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.”

Prezident İlham Əliyev bu məqamı da xüsusi vurğuladı ki, Azərbaycan xalqı  tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir. Qeyd olunan  layihələrin icrası da tam təmin ediləcək: “Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.”

Göründüyü kimi, aqrar sahənin inkişafı əsasdır. Bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın yüzlərlə dövlətinə ixrac edilir. İstehsal olunan məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı və emal sənayesinin payına düşür ki, bu da aqrar sahənin və qeyri-neft sektorunun dinamik yüksəlişini nümayiş etdirir. Bölgələrdə insanların rahatlığının təmin olunması, sahibkarlığın inkişafı üçün bütün zəruri işlər görülür. Artıq bölgələrimiz arasında sağlam rəqabət aparılır. Dövlətimizin balanslaşdırılmış siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Baxmayaraq ki, hazırkı dövrün əsas hədəfi tarixi sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılmasıdır, amma digər bölgələrimiz də bu inkişafdan kənarda qalmır. Bu, dövlət başçısının  regionlara səfərlərində də özünü aydın şəkildə nümayiş etdirir. Cənab İlham Əliyevin bu günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfərləri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu statistik rəqəm də regionların inkişafının dövlət siyasətinin əsası olduğunu təsdiqləyir. Belə ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Bu, ölkə Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunur.

Hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də dünyanın diqqət mərkəzindədir.  Əvvəlki illərdə  bölgələrin elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu qənaətbəxş deyildi. Dövlət başçısı İlham Əliyev insanların rahat yaşayışının təmin olunması üçün vacib olan bütün şəraitin yaradılacağı vədini verdi və onu əməli işi ilə təsdiqlədi. Cənab İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində ölkəmizdə infrastruktur layihələrinin uğurlu icrası fonunda böyük əminliklə bildirdi ki, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.

DİGƏR Xəbərlər Arxiv