YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Beynəlxalq Türk Xəbər Kanalının yaradılması Türk dünyasının mərkəzləşmiş xəbər siyasətinin formalaşmasına önəmli töhfə verə bilər

"İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bugunkü iclasının iştirakçılarını səmimiyyətlə salamlayırıq. Eyni zamanda, bu toplantının yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan tərəfinə təşəkkür edirik. Əminik ki, iclasda aparılan müzakirələr və qəbul olunan qərarlar ölkələrimiz arasında informasiya sahəsində əməkdaşlığın inkişafına, media qurumlarının əlaqələrinin güclənməsinə, informasiya mübadiləsinin çevik və səmərəli təşkilinə müsbət təsir göstərəcəkdır".

Bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, türk dünyasının inteqrasiya prosesində özünəməxsus yeri olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu birlik modeli kimi artıq özünu təsdiq edib: "Bu təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və regional geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq və adekvat addımlar atmaq üçün olduqca vacib platformadır".

PA rəsmisi çıxışında vurğulayıb ki, hazırda beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi neqativ proseslərin, həm də Türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz.

Ə.Həsənov deyib ki, hal-hazırda antitürk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər: "Xüsusən 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu kimi beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut etmişdir”.

Ə.Həsənov əminliklə deyib ki, oxşar problemləri olan digər türkdilli ölkələr də eyni münasibətlə qarşılaşırlar: "Özünün iqtisadi-siyasi tərəqqisi ilə dünyanın bir çox aparıcı ölkəsini geridə qoymuş Türkiyəyə qarşı dünya mediasında zaman-zaman aparılan çirkin kampaniya bunun bariz sübutudur. Bu gün qondarma və saxta soyqırım iddiaları ilə Türkiyənin üzərinə hücuma keçən beynəlxalq media qurumları 1992-ci ildə Azərbaycanda ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı mövzusunda susur. Alternativ media resurslarının az olması isə bizim əks-tezislərlə çıxış etmək imkanımızı məhdudlaşdırır. Eyni mənzərəni Türk dünyasının tərkib hissəsi olan Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələrlə bağlı müəyyən hadisələrin dünya ictimaiyyətinə təqdim edilmə formasında da müşahidə edirik".

Prezidentin köməkçisi qeyd edib ki, bu ilin sonlarında Türkiyə G-20 liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə "Kazakhstan Expo" kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək.

 

DİGƏR Xəbərlər Arxiv