YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir

“Dövlət başçısı İlham Əliyev 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdir ki, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və indi öz hesabımıza yaşayırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.

2018-2024-cü illər Azərbaycan tarixinə Zəfərlər ili kimi daxil oldu. Tarixi Zəfərimiz, ondan üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycanın bütün sahələrdə uğurlu inkişafının təqdimatı oldu. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi oldu.  Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən   Prezident İlham Əliyev son 20 ildən artıq dövrdə Azərbaycanın strateji inkişaf konsepsiyasını hazırladı və uğurla həyata keçirdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizin Zəfər səhifəsini yazdı və ötən il bir günlük antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən çıxdı, suverenliyimiz tam bərpa edildi. Bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı ucaldılıb, Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Nurlan Həsənov qeyd edib ki, cənab İlham Əliyev 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdi ki, 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Biz şəhidlərimizin və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.”

Mİllət vəkili onu da əlavə edib ki, xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanan Prezident İlham Əliyevin əsas hədəfi güclü Azərbaycandır: “Atdığı hər bir addım ölkəmizin qüdrətlənməsinə, beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına, söz sahibliyinin möhkəmlənməsinə xidmət edir. Bu gün böyük əminliklə qeyd etdiyimiz reallıqlardan biri məhz Azərbaycanın sözünün imzası qədər dəyərli olmasıdır. Regional inkişafın əsas aparıcı qüvvəsinə çevrilən Azərbaycan yeni reallıqları ilə dünya siyasətində yeniliklərə yol açdı. Hər zaman haqqın, ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmizin əsas çağırışlarından biri türk dünyasının birliyi, daha da möhkəmləndirilməsidir. Cənab İlham Əliyev hazırkı dövrdə, geosiyasi vəziyyətin dəyişdiyi vaxtda Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da güclü olmasının vacibliyini bildirir. Bu birlik, həmrəylik regionda sülhün, təhlükəsizliyin təmin edilməsində əsas amildir.”

Nurlan Həsənov hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilən 5 aprel görüşündən də bəhs edib: “Bu görüşün mahiyyəti Ermənistanın iqtisadi vəziyyətinin müzakirəsi və yardımların edilməsi adı altında gizlədilsə də, reallıq budur ki, belə addımlar sülhə, təhlükəsizliyə təhlükədir. Dövlət başçısı İlham Əliyev bu reallıqları görüşdən öncə ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin telefon zəngləri zamanı müzakirələrdə də qeyd etmişdir.  Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulamışdır. Keçirilən görüş Ermənistana iqtisadi yardımların edilməsi yarışı fonunda bir çox məqamlara işıq saldı. Ermənistanın iqtisadi müstəqilliyinin təmin edilməsinin vacibliyini “düşünən” ABŞ və Avropa İttifaqı bu məqsədlərinə sülh müqaviləsinin imzalanmasına dəstəkləri ilə nail olsalar daha yaxşı olar. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması əsasında Ermənistan öz iqtisadi vəziyyətini yaxşılaşdıra bilər.”

Millət vəkili bildirib ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir: “Çünki xarici siyasət daxili siyasətin davamıdır. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.”

Nurlan Həsənov belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan Prezidentinin nümunəvi rəhbər missiyası dünyanın diqqətindədir. Prezident İlham Əliyev bütün təmaslarında ilk növbədə səmimiyyəti ilə seçilir. Dövlətimizin başçısının sözü də imzası qədər dəyərlidir. Dövlətinin, xalqının gələcəyini düşünən, dövlət maraqlarını hər şeydən üstün tutan, müstəqil siyasət həyata keçirən Lider daim ölkəsinə möhtəşəm uğurlara qazandıracaq.