YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Blinkenin zəngi və Ermənistanın Qərbin sərəncamına verilməsi...

Azərbaycanın  tarixi Zəfəri,  ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizin regionda və dünyada yerinin və rolunun daha da artmasında, söz sahibi olmasında əhəmiyyətli rol oynayır. Tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin uğurları davamlı olmaqla yanaşı, beynəlxalq münasibətlərdə əsas faktor olan etimad muhitinin qorunmasında da öz sözünü deməkdədir. Azərbaycanın dünya birliyində  möhkəmlənən mövqeyi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bu məqamı xüsusi qeyd etmək lazımdır ki, hazırkı dövrün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlar ərəfəsində, həmçinin ölkəmizin haqlı narazılığına səbəb olan hadisələr baş verəndə dərhal bəzi dünya gücləri rəsmilərinin Prezident İlham Əliyevə telefon zəngləri diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın nüfuzunun, qətiyyətli mövqeyinin, hər bir məsələyə ədalətli yanaşmasının göstəricisidir.

Məlum olduğu kimi, aprelin 5-də ABŞ-Avropa İttifaqı (Aİ) -Ermənistan üçtərəfli görüşü keçiriləcək. Azərbaycan tərəfi israr edir ki, 5 aprel görüşü təxirə salınsın. Amma Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır. 5 aprel görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, ölkəmiz dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə əlaqədar öz mövqeyini açıq şəkildə ifadə edib. Bəyanatda bu məsələyə xüsusi diqqət yetirilir ki,  Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda, hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz ölkəmizin ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada birmənalı dəstək almayıb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və məsələyə ikili standartlarla yanaşılmasına əsaslanır. ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransı tam şəffaf şəkildə keçirilmir. Bu addım regionda çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmağı hədəfləyir. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken dövlət başçısı İlham Əliyevə telefon zəngində üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini bildirdi. Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması  dövlət başçısı  İlham Əliyevin qlobal müstəvidə nüfuzunun göstəricisidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev ABŞ Dövlət katibi ilə telefon danışığı zamanı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını xüsusi qeyd etdi.  Təəssüf ki, dünya güclərinin hüquq problemini yaşamaları mövcud münaqişələrin həllinə öz mənfi təsirini göstərir. Bu gün Amerikanın və Avropa İttifaqının üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə, ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələləri də müzakirə etmələri çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün  ölkəmizin qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanmasıdır. Amma görünən budur ki, bəzi dünya gücləri hər vasitə ilə bu prosesin uzadılmasına cəhd göstərirlər. Bunu  aprelin 2-də Fransanın Avropa və xarici işlər nazirinin ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi əsassız iddialar da təsdiqləyir. Belə ki, Fransanın Avropa və  xarici işlər naziri Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda, Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edib. Görünür, Fransa rəsmisi unudub ki, sülh təklifinin müəllifi Azərbaycandır. Həmin sülh müqaviləsi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir ki, onlardan biri tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasıdır. Bununla bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistanın baş naziri Azərbaycanın sülh təklifini dəstəklədiyi halda həmin görüşlərdən dərhal sonra  fikirlərində dəyişiklik edərək qeyri-ciddi bəyanatları ilə gündəmə gəlir. Bu da başadüşüləndir. Çünki Fransanın məsələyə müdaxiləsi, Ermənistanın baş nazirinin Parisdən və Vaşinqtondan aldığı göstərişlər vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Dövlət başçısı İlham Əliyev sözügedən telefon danışığında diqqəti məhz Fransanın Avropa və xarici işlər nazirinin qeyri-ciddi fikirlərinə yönəldərək bildirdi ki, Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirsə də  dövlət başçısı  İlham Əliyev əsaslı şəkildə  bu üçtərəfli görüşün Azərbaycanın haqlı iradlarına səbəb olduğunu, təxirə salınmadığını önə çəkərək atılan bu addımın  Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını bir daha diqqətə çatdırdı.  Blinkenin   görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi ilə əsaslandırması maraq doğurmaya bilməz. Təbii ki, ABŞ rəsmisi Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının ən vacib yollarından birinin məhz sülh müqaviləsinin imzalanması olduğunu bilməmiş deyil. Bu baxımdan dünya gücləri regionda vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq qeyri-formal görüşlərin keçirilməsinə deyil, sülh müqaviləsinin imzalanmasına dəstək olmaqla işğalçı dövlətin iqtisadi vəziyyətinin yaxşılaşmasına kömək etmiş olarlar. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması üçün sülh müqaviləsinin imzalanması bu gün həllini gözləyən ən vacib məsələdir. Amma görünən odur ki, hazırlanan ssenari bu problemin həllini deyil, Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir.

Vüqar Rəhimzadə hadisələrin təhlili əsasında belə bir ümumiləşdirməni aparıb ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki Üçüncü Dünya müharibəsinin və dünyanın yenidən bölüşdürülməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status - kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi.  Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla, həmçinin ötən il həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə regionda yeni reallıq və status-kvo yaratdı. Təəssüf ki, Qərb və Ermənistanın digər havadarları bununla barışmaq istəmir. Bu gün  ABŞ və Avropa İttifaqının  Ermənistanın təhlükəsizliyinə hansısa “təminatlar” vermələri, silahlandırmaları, maliyyə yardımı ayırmaları və sair kimi addımlar  işğalçı dövlətin danışıqlarda manipulyasiya  etməsinə imkan yaradacaq,  yekunda  sülh prosesinə zərbə olacaq. Göründüyü kimi, əksər dünya gücləri hələ də öz maraqları naminə  ədalətə və beynəlxalq hüquqa sığmayan addımlarından əl çəkmək haqqında düşünmür, əksinə vəziyyətin daha da gərginləşməsində, regionun yeni münaqişə ocağına çevrilməsində maraqlı görünürlər.