YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixinə sahib çıxan xalq məğlubedilməzdir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanıdılmamalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Göründüyü kimi, soyqırımın miqyası olduqca  böyükdür. Bunu ört-basdır etmək nə dərəcədə realdır? Ulu Öndər Heydər Əliyevin 26 mart 1996-cı il tarixli Fərmanı ilə 31 Mart tarixinin Azərbaycanlılarının Soyqırımı Günü elan edilməsi yaşadığımız hər bir facənin əsaslı şəkildə  dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. Hər il bu mühüm hadisənin qeyd edilməsi Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin ifşası yönümündə atılan addımların təqdimatı olur. Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, eyni zamanda, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı çoxəsrlik tariximizin hər bir səhifəsinin vərəqlənməsində, o cümlədən 1918-ci ilin mart hadisələrinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı.  Ötən 20 ildən artıq  dövrdə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

Ümummilli Lider Heydər Əliyev “Tarix heç nəyi silmir” söyləyərək tarixi  araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi qarşıya qoymuşdur.   Ulu Öndərin bu çağırışının davamı olaraq Prezident  İlham Əliyev 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağındakı  çıxışında Azərbaycanın çox zəngin tarixə malik olduğunu önə çəkərək bildirdi  ki, biz öz tariximizi,  reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: “Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar nəşr edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.”

Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz xalqımızın yenilməzliyini, məğrurluğunu, daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu təsdiqlədi. Ermənilər və onlara illərdir havadarlıq edib törətdikləri faciələrin miqyasını genişləndirmələrinə dəstək göstərən dövlətlər bir daha bu reallığın şahidi oldular ki, yalan təbliğatın həqiqət üzərində qələbəsi mümkünsüzdür. Tarixi Zəfərimizdən üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması haqqın, ədalətin Azərbaycanın tərəfində olduğunu bir daha sübut etdi. Hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Xankəndidə, Xocalıda qısa müddətdə geniş quruculuq işləri həyata keçirilib. Bu il dogma yurd-yuvalarına qayıdacaq soydaşlarımız sırasında Xankəndi və Xocalı sakinləri də olacaq. Bütün bunlar tarixi ədalətin bərpasıdır. Artıq Qərbi Azərbaycana qayıdışımız da əsas hədəflərimiz sırasındadır. Xalqımız bu hədəfə də zamanında nail olacağımıza tam əmindir.