YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman dünyaya ədalət çağırışını edir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Artıq dörd ilə yaxındır ki, tarixi Zəfərimizin sevincini yaşayır, yaratdığı reallıqların qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayırıq. Möhtəşəm Qələbəmiz ermənilərin və onlara havadarlıq edən dövlətlərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya gördü ki, yenilməz, məğlubedilməz, tarixinə və torpaqlarına sahib çıxan xalq Azərbaycan xalqıdır. Baxmayaraq ki, dünya gücləri 30 illik işğal dövründə ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədərək ermənilərin başımıza gətirdikləri faciələrə göz yumdu, onların yeni ərazilər uğrunda müharibə planlarına dəstək verdi, amma sonda zəfər çalan ədalət oldu.  44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı olaraq kimin ədalətin, kimi isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi.

Tarixi həqiqətlər erməni millətçilərinin   mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini sübut edir.  Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.  Qarabağ münaqişəsi ermənilərin 1988-ci ildə yenidən baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranmışdır. 1988-ci ilədək ermənilərin havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətinin xronologiyasına diqqət yetirək. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda insan itkin düşüb. Martın 31-i 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunub.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Belə ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.

Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi, faciələrimizin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımların uğurlu nəticələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Həqiqətlərimizin təbliği istiqamətində Heydər Əliyev Fondunun xidmətləri də böyükdür.  Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, indiki və gələcək nəsil tariximizi yaxşı bilməlidir. Ölkə Prezidenti qarşıya bu hədəfi qoyur: “Əlbəttə ki, bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Müəyyən dövrdə kitablar dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilmişdir… Amma onu indi Azərbaycanda çox adam görübmü? Yox. Bilmirəm o, hansı tirajla dərc edilib… O kitabça bütün dillərə tərcümə edilməlidir. Onun yanında həm də elektron daşıyıcısı olmalıdır. Xarici dillərə tərcümə edilməlidir. Yəni, bu təbliğat işləri mütləq aparılmalıdır.”

Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın çoxəsrlik tarixinin Zəfər səhifələri daha da zənginləşib. Ötən il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin qarşısında geniş imkanlar yaradıb. Qarşıya yeni hədəflər qoyulub. Ən əsası ölkəmizin həyatında artıq yeni dövr başlayıb. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyev 2022-ci ildə  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışımızdan geniş bəhs edərək qarşıda dayanan əsas vəzifələri açıqladı. Bunlardan biri təbliğat işinin daha da gücləndirilməsidir. “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” söyləyən cənab İlham Əliyev onu da bildirdi  ki, ancaq əfsuslar olsun  ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.  Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.  

Artıq Qərbi Azərbaycana Qayıdış proqramı uğurla  icra edilir. Bütün bunlar sübut edir ki, Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlıdır. Ölkəmiz hər zaman dünyaya ədalət çağırışını edir.