YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Bunlar tarixdir. Tarixi inkar etmək, saxtalaşdırmaq qeyri-mümkündür. Ermənilər özlərinə saxta tarix yazsalar da daim fakt qarşısında aciz qalırlar.  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurmaqla yanaşı, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Azərbaycan qısa müddətdə buna nail oldu, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradıldı. Belə ki, Ümummilli Liderin  26 mart 1996-cı ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırımasını təmin etdi. Ulu Öndər Heydər Əliyev daşnakların törətdikləri soyqırımlarına siyasi qiymət verməklə daha bir tarixi missiyasını yerinə yetirdi. Bu tarixi missiyanın davamı olan sözügedən Fərman  erməni millətçilərinin keçirdikləri qanlı aksiyaları təsdiqləyən növbəti faktların araşdırılması üçün əlavə imkanlar yaratdı.

Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam edir. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə  Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks  2013-cü il sentyabrın 18-də açılıb. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışında bir daha diqqəti bu həqiqətlərə  yönəldərək belə bir çağırışı etmişdir: “Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi. Ötən ilin sentyabr ayında isə Silahlı qüvvələrimiz növbəti Zəfərə imza atmaqla suverenliyimiz tam bərpa edildi.  Rəşadətli Ordumuz bütün şəhidlərimizin, soyqırımı qurbanlarının qisasını aldı. Dövlət başçısı İlham Əliyev martın 18-də Novruz tonqalını Xankəndi şəhərində alovlandırdıqdan sonra Azərbaycan xalqına təbrikində böyük qürur hissi ilə  bildirdi ki, biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayır, qurur və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.