YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İcra katibinin müavini: Ermənistan Avrasiya İttifaqına yalnız BMT-nin müəyyən etdiyi sərhədlər çərçivəsində daxil ola bilər

«Ermənistan Avrasiya İttifaqına yalnız BMT-nin müəyyən etdiyi sərhədlər çərçivəsində daxil ola bilər. Yəni işğal olunmuş ərazilərimiz  hansısa halda Ermənistanla birlikdə Avrasiya İttifaqının tərkibi sayıla bilməz və bu cür hərəkətə yol verilə bilməz. Prezident İlham Əliyevin bu təşkilatı yaradan dövlətlərə  bu haqda müraciəti də var. Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzv olarkən bu təşkilatın xüsusi qeydi olub. Həmin qeyddə bildirilir ki, Ermənistanın BMT-nin tanıdığı sərhədlər çərçivəsində ÜTT-yə qəbulu həyata keçirilib. Yəni  ÜTT xüsusi qeydlə işğal olunmuş əraziləri Ermənistanın tərkibində saymayıb». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Avrasiya İttifaqını yaradan dövlətlər  BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrini, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının  və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı  qəbul etdiyi sənədləri əsas tutaraq Ermənistanı bu qurumun tərkibinə qəbul edə bilər. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar Azərbaycanın haqlı mövqeyi Avrasiya İttifaqının təşəbbüsçüsü olan ölkələrin diqqətinə çatdırılıb.

«Müzakirələr zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu məsələni gündəliyə gətirib və Ermənistanın BMT-nin tanıdığı sərhədlər çərçivəsində quruma qəbulu məsələsini məqbul saydığını bildirib. Azərbaycan Prezidentinin apardığı ardıcıl, məqsədyönlü və qətiyyətli siyasətdir ki, bu gün Avrasiya İttfaqının təsisçisi olan ölkələr Ermənistanı yalnız BMT-nin tanıdığı  sərhədlər çərçivəsində üzv qəbul etməyi nəzərdə tutur. Ermənstan nə qədər vurnuxsa da, hiyləgərlik etsə də, bu yöndə istəyinə nail ola bilməyəcək. Çünki bütün beynəlxalq sənədlər Azərbaycanın ədalətli mövqeyini müdafiə edir və Avrasiya İttifaqını yaradan ölkələr digər addımlar atmış olsalar həmin təşkilatın qeyri-qanuniliyini göstərəcəklər. Mən əminəm ki, Prezident İlham Əliyevin liderliyi və beynəlxalq aləmdə nüfuzu sayəsində, həyata keçirdiyi siyasət nəticəsində Ermənistan Avrasiya İttifaqına qoşularkən işğal olunmuş ərazilərimiz qurumun tərkibində sayılmayacaq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.