YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP birliyimizin rəmzi, inkişafın və tərəqqinin ideoloji yol xəritəsidir

Rəşad Mahmudov

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

YAP-ın yaranması hər şeydən öncə ümumxalq sifarişi idi və bu proses müstəqil Azərbaycanın üzləşdiyi mürəkkəb geosiyasi dövrə təsadüf edir. Tarixi müstəqilliyinin ilk illərində Azərbaycanı fəlakətlərdən xilas etmək üçün güclü siyasi qüvvəyə ehtiyac yaranmışdı. Respublikada yaranmış xaos, siyasi və iqtisadi böhran vətəndaş itaətsizliyi ilə nəticələnmişdi. Bir partiyalı sistemdən qopmuş Azərbaycanda yaranmış siyasi təsisatların uğursuz fəaliyyəti yeni siyasi təşkilatların yaranmasını qaçılmaz etmişdi. Beləliklə, Azərbaycan ictimaiyyəti tarixi bir hadisəyə şahidlik etdi. Bir qrup vətənpərvər ziyalının təşəbbüsu ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və xalqımızın əvəzedilməz övladı, böyük öndər Heydər Əliyev yekdilliklə bu partiyanın sədri seçildi. Qısa zaman içində üzvlərinin sayını durmadan artıran YAP xalqın tribunasına çevrildi, vətəndaş həmrəyliyinin ünvanı oldu. Müstəqil Azərbaycanın dünənindən bugününə qədər qazanılan bütun uğurlar və nailiyyətlər birmənalı şəkildə Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ilə bağlıdır. YAP müstəqilliyimizin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadı, xalqımızın xilaskarı, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin, eləcə də regionun ən güclü siyasi qüvvəsinə çevrildi. Dövlətçiliyin təşəkkülü, milli dirçəliş, iqtisadi yüksəliş, siyasi və ictimai həyatda tərəqqi dövrü məhz YAP-ın adı ilə bağlıdır. YAP həm də novator, fəaliyyətini yeni çağırışlar üzərində quran siyasi sistem olaraq mütərəqqi islahatları ilə hər zaman seçilib. Xalqın partiyası kimi YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, beynəlxalq nüfuzunu artırır, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini genişlənir. YAP-ın 2021-ci il martın 5-də keçirilən VII qurultayında qəbul olunan qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb oldu. Partiyadaxili struktur islahatları həyata keçirilməklə bir sıra vacib təşkilati məsələlər öz həllini tapdı. Bu dəyişikliklər güclü, müstəqil və hesabatlı siyasi partiya kimi YAP-a cəmiyyətin sabitliyini və düzgün idarə olunmasını təmin etməyə şərait yaratdı. Ən əsası, keyfiyyətli dəyişikliklərə səbəb olmuş təyinatlar YAP-ı daha da gücləndirməklə yanaşı, siyasi proseslərin avanqardına, habelə postsovet məkanın aparıcı siyasi güc mərkəzlərindən birinə çevirdi. YAP-ın VII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Həmin qurultay Azərbaycanın ictimai-siyasi həyatında yeni dinamik proseslərin başlandığını təsdiqlədi. Partiyanın sədri, Prezident İlham Əliyevin çıxışının əsas siyasi mahiyyəti ondan ibarət idi ki, Azərbaycanda dərin və hərtərəfli siyasi, iqtisadi və sosial islahatlar ildən- ilə genişlənir. Ötən müddət ərzində YAP ictimai-siyasi islahatların aparılmasında, iqtisadi tərəqqinin aparıcı qüvvəsi kimi çıxış edib. Hakim partiya yarandığı gündən Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, ölkədə siyasi-iqtisadi sabitliyin, sürətli inkişafın təmin edilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində inamlı addımlar atıb. Ötən müddət ərzində YAP siyasi fəaliyyətini genişləndirib, müasir demokratik proseslərə uyğun olaraq yeniliklərə açıq olub. Azərbaycanın inkişafı, müasirləşməsi və yeniləşməsinin yeni çağırışları fəlsəfəsinə uyğun olaraq təkmilləşən YAP ölkənin ictimai-siyasi və sosial-iqtisadi reallıqlarına uyğun olaraq həyata keçirilən yeni islahatların tərkib hissəsinə çevrilib. Partiya Azərbaycanın inkişafının şüarı olan “müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” prinsipi əsasında iqtisadi tərəqqinin və sosial rifahın təmin edilməsində mühüm rol oynayıb. Azərbaycan öz gücü və iradəsi ilə ölkənin bir nömrəli problemi olan Qarabağ məsələsini həll edib. Erməni işğalına son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub. Bütün bunlarla yanaşı, ölkədə köklü islahatların dərinləşməsi YAP-ın idarə olunmasında daha çevik mexanizmlərin yaradılmasını, partiya fəaliyyətinin yeni vəziyyətə uyğun tənzimlənməsini, struktur dəyişikliklərinin həyata keçirilməsini tələb edib. Qurultayda bu amillər konseptual qiymətləndirilib və həm YAP-ın yeni formalaşan strukturlarında, həm də qəbul edilmiş yeni Nizamnamədə öz əksini tapıb. Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi, üzvləri, sədri və sədr müavinləri müəyyənləşib. Təbii ki, partiyanın gənclər siyasəti istedadlı, vətənpərvər, yenilikçi şəxsiyyətlərin YAP strukturlarında daha geniş təmsil olunacağını təsdiqləyir. Bu baxımdan, partiyanın qurultayında gənclərin xüsusi yer tutduğu yeni İdarə Heyətinin formalaşdırılması islahatlar prosesinin ahəngdarlığını artırıb. YAP-ın yenilənməsi partiyaya Heydər Əliyev ideyaları əsasında yeni fəlsəfi məzmun qazanmağa imkan verib, onun imicini möhkəmləndirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini seçilməsi partiyanın həyatında ciddi hadisəyə çevrildi və alqışla qarşılandı. Bu təyinat YAP-ın cəmiyyətdəki nüfuzunun daha da güclənməsi ilə müşahidə olundu. Yeni Azərbaycan Partiyası siyasi təşkilat olaraq birliyimizin rəmzi, xalqımızın istinad yeri, inkişafın, tərəqqinin ideoloji yol xəritəsidir! Biz xalq, dövlət olaraq bugünkü qüdrətli Azərbaycana görə Ulu öndər Heydər Əliyevin milli ideyalarından qaynaqlanan, bəşəri dəyərlərin daşıyıcısı olan YAP-a borculuyuq. Ötən əsrin sonlarında müstəqilliyimizin təminatçısı kimi xilaskar olaraq doğulan Yeni Azərbaycan Partiyası yeni əsrin əvvəlində ölkəmizin ən ağır dərdi olan Qarabağ problemini həll edərək Vətəni birləşdirən qalib partiya kimi tarixə möhür vurdu! YAP-ın təkcə İdarə Heyətinində deyil, sadə üzv kimi sıralarında təmsil olunmaq xoşbəxtlik və qürurvericidir. Çünki xalq olaraq azad, bütöv qüdrətli və qalib olmağımıza görə hər birimiz YAP-a, onun Liderinə, ideloji xəttinə və siyasi ideologiyasına borcluyuq! Məhz buna görə YAP Azərbaycan qədər bizə doğmadır!