YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri, mühüm addımları ilə Azərbaycanın daha da möhkəmlənməsinə, qüdrətlənməsinə davamlı töhfələr verir. Partiyanın siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu; müstəqillik; azərbaycançılıq; dövlətçilik; qanunun aliliyi; varislik və təkamül; konstruktiv əməkdaşlıq və dialoq; sosial ədalət və insan amili; multikultural cəmiyyət  və demokratik ənənələrin inkişafı.

Çətin və şərəfli yol keçən YAP hər zaman tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində xalqın böyük sevgisini qazanıb. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Partiyanın tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayından üç il keçir. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbi ilə yaranan partiyadır. 1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Naxçıvanda  təsis konfransını keçirən YAP-ın sıralarında bu gün 800 minə yaxın üzvün birləşməsi Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. YAP yarandığı gündən xalqın partiyası kimi tanınıb.

Dövlət başçısı İlham Əliyev VII qurultaydakı çıxışında illər keçdikcə və dünya dəyişdikcə bu reallığın hər birimiz tərəfindən böyük inam hissi ilə qeyd edildiyini diqqətə çatdırdı. Əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.

Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Gənc nəsil milli ruhda böyüyür, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Bu siyasət uğurla davam etdirilir. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Partiyanın VII qurultayında “İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir” söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər: “Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, - necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, - bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir.”

YAP-ın fəaliyyətində müəyyən olunmuş strateji hədəflər özündə mühüm çağırışları ehtiva edir: Heydər Əliyev irsinin təbliği və təşviqi; güclü iqtisadiyyat və davamlı inkişaf; inklüziv cəmiyyət; ədalətli sosial təminat və insan kapitalının inkişafı; şəffaflığın artırılması; vətəndaş cəmiyyətinin inkişafı;  Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi;  mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması;  vətəndaş həmrəyliyinin təminatı; milli maraqlar və xarici siyasət;  ordu quruculuğu və   işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.

YAP-ın VII qurultayından keçən dövr ərzində strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, kadr siyasətində mövcud olan boşluqların və üzvlük haqlarının yığılmasında müşahidə olunan pərakəndəliyin aradan qaldırılması, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunmuş, bu sahədə problemlərin həlli və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün müvafiq islahatlar həyata keçirilmişdir. YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür.

Ümumilikdə YAP-ın 2021-ci il martın 5-də keçirilən VII qurultayında qarşıya  yeni hədəflər və vəzifələr qoyuldu. “Biz birlikdə güclüyük!” devizi əsasında hazırlanan və təsdiqlənərək uğurla icra edilən yeni Proqram partiyanın gələcək uğurlarının əsasıdır. Birliyimiz, həmrəyliyimiz sayəsində qazandığımız uğurlar qarşıdakı dövrün hədəflərinin də reallığa çevrilməsində   əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə əldə olunan uğurlarımız hər birimizi qürurlandırır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan 7 fevral 2024-cü il tarixdə keçirilən və Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi ilə nəticələnən prezident seçkilərindən sonra yeni dövrə qədəm qoydu. Bundan sonra da  ölkəmizi, Yeni Azərbaycan Partiyasını daha möhtəşəm uğurlar gözləyir.

DİGƏR Xəbərlər Arxiv