YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP yeni hədəflərə doğru inamla irəliləyir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Hər bir tarixi məqam keçilən yolun təhlilinə çağırış edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən üç ilin təhlili  bu ümumiləşdirməyə əsas verir ki, sözlə əməl birliyi, tutduğu yola sadiqlik, “Güclü dövlət, yüksək rifah” prinsipi partiyanın uğurlarının davamlılığını şərtləndirir.

Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını gerçəkləşdirməklə davamlı uğurlara imza atır.  Bugünkü reallıqların fonunda partiyanın yarandığı dövrə nəzər salsaq tarixin sınaqlarından şərəflə çıxaraq zəngin yol keçdiyini, Azərbaycanın hər bir uğurunda öz payı olduğunu böyük əminliklə qeyd edə bilərik. Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bu gün milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılması həmin dönüş nöqtələrindən biridir. Belə ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Bu baxımdan ki, müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas edə biləcək  bir siyasi qüvvənin yaradılmasını labüd edirdi. Əslində, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.  Tarixə “91-lər” kimi yazılan   ziyalılarımız, ümumilikdə, xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edən fəal vətəndaşlar idi.  Azərbaycanın gələcəyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi partiya yaratmaq və zəngin dövlətçilik təcrübəsinə malik təcrübəli bir liderin, yəni məhz Ulu Öndər Heydər Əliyevin partiyaya rəhbərlik etməsini istəyirdilər. Bu istək Ümummilli Liderə ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində və Ümummilli Lider Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında öz ifadəsini tapdı. Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən, ən çətin anlarda xalqının yanında olan Ümummilli Lider ölkənin taleyinə biganə qalmayaraq “91-lər”in müraciətinə cavabında belə bir əminliyi ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında bütün bu məqamlar öz əksini tapıb.  “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi, mənə etimad göstərdi:  “Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.”

Hər dövrün öz tələbləri olduğunu bildirən dövlət başçısı İlham Əliyevin çıxışlarında bu çağırış əsas yer tutur ki, biz daim irəli baxmalı, zamanı qabaqlamalıyıq. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

YAP-ın gücünü, qüdrətini, uğurlarını şərtləndirən bir çox səbəblər var ki, bunlardan ən mühümü partiyanın adının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. Cənab İlham Əliyev sözügedən çıxışında bu məqama da xüsusi diqqət yönəldərək bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.”

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr müstəqilliyimizin xilası, sarsılmazlığının və əbədiliyinin təmin olunduğu dövrdür.  Son 20 ildə Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi reallıqlarımızda özünün aydın ifadəsini tapır. Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciətində belə bir əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları xalqın dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıracaq. Bu gün qürurla tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından danışırıq. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir.  Suverenliyimizin tam bərpa olunması növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. 7 fevral tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi son 20 ilin uğurlarının və cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının nüfuzunun göstəricisi oldu.

DİGƏR Xəbərlər Arxiv