YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Ölkəmizdə maddi-mənəvi irsin qorunması dövlət tərəfindən tam təmin olunur

«Azərbaycanda dövlət quruculuğu milli dəyərlərə söykənir. Amma bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan Qərbə inteqrasiya edən bir dövlətdir və Azərbaycan cəmiyyəti də dünya mədəniyyətinə açıqdır. Onun sözlərinə görə, müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir.

«Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüura və milli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir. Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hatta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaq. Bu nöqteyi-nəzərdən təsadüfi deyil ki, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər səviyyəsində təmin olunur. 1994-cü ildə yaradılan UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Mədəniyyət və Turizm Nazirliyi milli irsimizin qorunmasında və təbliğində böyük işlər görür. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, tar ifaçılıq sənətinin, Azərbaycan xalçasının UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi əlamətdar hadisələrdir. Bundan əlavə, milli musiqimizin beynəlxalq səviyyədə təbliği, nadir maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və Azərbaycan milli mədəni irsinin qorunmasında görülən digər işlər müasir dövlət quruculuğunda milli dəyərlərə verilən önəmin bariz sübutudur»- deyə, komitə sədri vurğulayıb.