YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün yeni çağırışları

Kamil Qurbanlı  

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri                   

Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər dövlətimizin gələcək hədəflərini bəlirləyən konseptual məzmunlu tarixi çıxış idi. Hələ ötən ilin sonunda  Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni təqvim ili münasibətilə xalqa müraciətində, eləcə də, bu ilin yanvar ayının 10-da yerli televiziya kanallarının müxbirlərinə verdiyi müsahibəsində cənab İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu qeyd edirdi. İnaqurasiya mərasimində cənab İlham Əliyevin səsləndirdiyi fikirlər  dövlətimiz, xalqımız və bütün dünya azərbaycanlıları üçün yol xəritəsidir. Məhz ötən 20 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında həyat keçirilən islahatlar, icra olunan infrastruktur layihələri, güclü iqtisadiyyatın, ordunun qurulması, daxili sabitliyin və iqtidar-xalq birliyinin təmin olunması yeni dövrə yeni prinsiplərlə daxil olmaq üçün mühüm əsaslar yaradıb. Heç şübhəsiz ki, 30 ildən artıq müddət ərzində düşmən işğalında olan torpaqlarımızın məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunması yeni dövrün başlanmasını şərtləndirən ən mühüm amildir. Torpaqlarımızın işğal altında olduğu müddətdə “beynəlxalq güc”lər bizi çaşdırmaq üçün, başqa sözlə gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtılıb və açıq-aydın bəlli olub ki, dost kimdir, düşmən kimdir. Bu vəziyyət həm də imkan verir ki, qarşıdakı dövr ərzində daha azad, daha müstəqil və daha ötkəm siyasət yürütməklə dövlətimizin və xalqımızın yeni inkişaf  mərhələsinə adlamasına nail olaq. Hazırda Azərbaycanın ixrac coğrafiyasının, eləcə də ərazilərimizdən keçən və keçəcək nəqliyyat qovşaqlarının genişləndirilməsi, şaxələndirilməsi, rəqabətədavamlı istehsal potensialının yüksəldilməsi, əhalimizin sosial rifah halının daha da yaxşılaşdırlması istqamətində müntəzəm addımların atılması, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki innovativ addımlar yeni yanaşamalar üçün baza formalaşdırıb. Düşməndən azad edilmiş ərazilərimizdə yeni quruculuq işləri, məcburi köçkünlərin öz ata yurdlarına qayıdışının yüksək səviyyədə təşkilini də bura əlavə etsək deyə bilərik ki, artıq yeni inkişaf dövrünün təməli qoyulub.

Daxili siyasətin davamı olaraq beynəlxalq aləmdə hər gün artan nüfuz və bu nüfuzun təkcə dünyadakı dəyərləri əxz etməmizlə deyil, həm də milli dəyərlərimizə söykənərək əldə etdiklərimiz xalqımızın öz tarixi ideallarını gerçəkləşdirmək baxımından da olduqca böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyev məhz bu yanaşmanı əsas götürərək deyirdi: “Azərbaycan dünyaya milli və bəşəri dəyərlərlə açılmalıdır”. Artıq o dövr gəlib çatmışdır. Bu gün cənab İlham Əliyevin Qoşulmama Hərəkatının nüfuzlu beynəlxalq təşkilata çevirlməsi yolunda atdığı addımlar yeni dünya düzəninə olan zəruri ehtiyacı şərtləndirən mühüm faktorlardandır. Bundan başqa uzun əsrlərdir dünya ağalığına can atan, humanizm pərdəsi arxasında gizlənən və əslində  neokolonialist yanaşmaları ilə yeni əraziləri və “beyinləri” işğal etməyə can atan antibəşəri dövlətlərin, xüsusilə münaqişə ocaqları mövcud olan regionlara selektiv yanaşama nümayiş etdirən “güclər”in məhz dövlət rəhbərimiz, Dünya Azərbaycanlılarının lideri, türk dünyasının böyük oğlu İlham Əliyevin sayəsində maskalarının yırtılması ölkəmizin artan nüfuzunun sayəsində mümkün olmuşdur. Lakin cənab Prezidentin andiçmə mərasimində ifadə etdiyi kimi arxayın olmaq olmaz, çünki o qüvvələr dayanmayacaqlar, öz çirkin niyyətlərini həyata həyat keçirməkdən ötrü hələ çox “çalışacaqlar”. Odur ki, fevral ayının 14-də cənab Prezidentin Azərbaycan parlamentinin kürsüsündən ifadə etdiyi kimi; - “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Onların beyinlərini zəhərləmək istəyəndə heç kim uğura nail olmasın”.

Bu gün hər birimiz dövlətimizə, xalqımıza, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə münasibətdə məhz cənab İlham Əliyevin  həyata keçirdiyi islahatları, siyasi-ideoloji xətti əsas götürməli, bütün dünyaya dövlət-xalq-iqtidar birliyinin nələrə qadir olduğunu nümayiş etdirməli, cənab Prezidentin andiçmə mərasimi zamanı səsləndirdiyi fikirlərin  tariximizə qızıl hərflərlə yazılması ilə yanaşı, həm də bu fikirlərin yeni prinsiplər və çağırışlar olaraq həyata keçirilməsindən ötrü bütün qüvvəmizi səfərbər etməliyik.