YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir

Dünyanın diqqəti növbəti dəfə dostluğu, qardaşlığı, müttəfiqliyi nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinə yönəldi. Dövlət başçısı İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini  fevralın 18-də  qardaş Türkiyəyə etməsi əlaqələrimizin bu günü və sabahı barədə aydın təsəvvür yaratdı.  Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri dünyanın diqqətindən kənarda qalmır. Prezidentlər istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə etdi.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Nəzərə alsaq ki, ölkələrarası münasibətlərdə enerji amili xüsusi əhəmiyyət kəsb edir, bu halda iki dost ölkənin sözügedən sahədə əməkdaşlığının xronologiyasına diqqət yetirmək bir zərurətə çevrilir. İlk olaraq regional çərçivədə başlayan  enerji əməkdaşlığının bu gün coğrafiyasının daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm hadisəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. Azərbaycan Prezidentinin fevralın 18-də reallaşdırdığı rəsmi səfər çərçivəsində qardaş ölkənin Prezidenti TANAP-ın imkanlarının artırılmasının, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılmasının prioritetlər sırasında olduğunu xüsusi qeyd etdi. Ötən ilin sentyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri çərçivəsində İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlinin qoyulması  ilə enerji sahəsində əməkdaşlığımız yeni bir səviyyəyə çatdırıldı. Hər iki ölkənin tranzit imkanları xüsusi qeyd edilməlidir. Nəqliyyat sahəsində əməkdaşlığın mühüm göstəricilərindən biri kimi  Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır. Bu uğurlu nəticələr Azərbaycan və Türkiyənin  eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilməsinin səbəbsiz olmadığını təsdiqləyir. Çünki  həmin çinarın kölgəsi qardaş ölkələrin birgə  həyata keçirdikləri layihələrlə  Qafqazdan Avropayadək  uzanır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı,  imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Bu sənədlər münasibətlərin inkişafında möhkəm hüquqi baza rolunu oynayır. Tarixi Zəfərimizin dünyaya təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın dövlət başçısı İlham Əliyevin sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatlarında qardaş ölkə liderinin səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir”. Həmin vaxt imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etmək istərdik. İnformasiya cəbhəsində üstünlüyümüzu qorumaq, beynəlxalq səviyyədə aparılan qərəzli təbliğatları əsaslı şəkildə cavablandırmaq üçün belə bir addımın atılması vacib idi. Ortaq Media Platformasının yaradılması fonunda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün imkanlar əldə edirik. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Prezident İlham Əliyevin bu səfəri çərçivəsində isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bu mühüm addım sadəcə olaraq, təhsil məsələsi deyil. Bu,  birliyimizin növbəti rəmzidir. Belə bir əminlik də ifadə edildi ki,  yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.  

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Azərbaycan və Türkiyənin bütün sahələrdə əlaqələrinin yüksələn xətlə inkişafı, ümumilikdə münasibətlərimizin dünyaya bir qardaşlıq nümunəsi olması dövlət başçısı İlham Əliyevin  “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirlərinin təqdimatıdır. O da qeyd edildi ki,  Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  mətbuata bəyanatında xüsusi qeyd etdi ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.

Vüqar Rəhimzadə bildirib ki, dünya bu qardaşlığın, dostluğun sarsılmazlığının  2020-ci ildə 44 günlük  İkinci Qarabağ müharibəsi, eyni zamanda, ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı  şahidi oldu. Hər iki hadisə sübut etdi ki, Türkiyə və Azərbaycan həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olmalarını sözdə deyil, əməldə təsdiqləyirlər. İkinci Qarabağ müharibəsinin başlandığı  ilk anlardan  Türkiyənin siyasi və mənəvi dəstəyini hiss edən və bundan böyük güc alan Azərbaycanın sonrakı addımlarına diqqət yetirdikdə qardaş ölkənin Prezidentinin daim cənab İlham Əliyevin yanında olduğunu görürük. Zəfər paradı, onun ardınca Qarabağın tacı Şuşanın şahidliyi ilə müttəfiqlik sənədinin imzalanması, daha sonra iki dost ölkənin prezidentlərinin iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması və sair kimi biri-birindən mühüm hadisələr dostluğumuzun təqdimatlarıdır. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək  bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.  Azərbaycan Prezidenti əməkdaşlığımızın önəmli istiqamətlərindən biri  kimi  hərbi sahədə işbirliyimizi də xüsusi vurğuladı. Bildirdi ki, ordularımız bir yumruq anlamına gəlib. Hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir,  hərbi gücümüz daha da artır.  İkinci Qarabağ müharibəsi, ötən il həyata keçirilən antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub.

YAP Xətai rayon təşkilatının sədri ötən ilin fevralında Türkiyədə dəhşətli zəlzələ baş verərkən Azərbaycanın qardaşlıq dəstəyindən də bəhs edib. Bildirib ki, hazırda Azərbaycanın maliyyə dəstəyi əsasında   Kahramanmaraşda 32 hektar ərazidə 1000 evin və 799 iş yerinin  inşa edilməsi bunun bariz nümunəsidir. Onu da qeyd edək ki, zəlzələnin baş verdiyi andan Azərbaycan yalnız dövlət deyil, sıravi vətəndaşları səviyyəsində belə bu  qardaşlığı humanitar yardımları ilə təsdiqlədi. Həmçinin ötən ilin mart  ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulduğu halda Prezident İlham Əliyev qardaş ölkədə zəlzələnin baş verməsini nəzərə alaraq dəstək məqsədilə bu tədbirin Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs dəstəkləndi.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən hadisələrin miqyasını bir yazıda əhatə etmək mümkünsüzdür. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasına imkanlar yaradan mühüm məqamlarla zəngin olur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş ölkəyə reallaşdırması sarsılmaz birliyimizə, həmrəyliyimizə yeni əlavələr edəcək. Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyi səyləri dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj kimi dəyərləndirilməlidir: “Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.”