YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan birliyi yeni dönəmdə daha möhkəm təməllər üzərində inkişaf yoluna qədəm qoyur

Əli Hüseynli

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki proqram xarakterli tarixi nitqində Azərbaycanın beynəlxalq aləmdəki roluna və yerinə verilən siyasi qiymət dünya ictimaiyyətinin diqqətini çəkən vacib məqamlardan biridir. Azərbaycanın türk dövlətləri və bu coğrafiyanın lideri olan Türkiyə ilə münasibətlərinə yeni dönəmin çağırışları fonunda daha mükəmməl qarşılıqlı baxışların formalaşması iki qardaş ölkə arasındakı sarsılmaz əlaqələrin və əməkdaşlığın daha möhkəm tellərlə bağlılığı üçün ideoloji təməl rolunu oynayır. Cənab İlham Əliyev bu strateji istiqaməti bütün dünyaya bəyan edərək söylədi ki, “Bizim ailəmiz Türk dünyasıdır… Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Bu baxımdan Prezident seçkilərindən sonra cənab İlham Əliyevin ilk rəsmi səfər üçün ənənəvi olaraq məhz qardaş Türkiyəni seçməsi da təbiidir. Prezident seçkiləri Azərbaycanın yeni dövrə qədəm qoymasının ifadəsi idisə, bu səfər indiyədək əsası qoyulmuş ənənənin davamı olmaqla yanaşı, tarixi dostluğa, qarşılıqlı etimada, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrə ehtiramın bariz göstəricisidir. Bu nümunə xalqlarımızın dil, din, mədəniyyət yaxınlığına, doğmalığa əsaslanır. Burada sevincli və kədərli günlərdə bir-birinin yanında olmaq kimi dövlətlərarası münasibətlər səviyyəsini aşan müstəsna durum, fövqəladə üstünlük var. Qeyd edək ki, Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları da artıq xoş ənənəyə çevrilib.

 Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin dilindən səslənmiş “Bir millət, İki dövlət” formulu Türk Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün  “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” ifadəsi ilə həmahəng səslənərək bir-birini üzvi surətdə tamamlayır.  Bu gün bu siyasi kurs İlham Əliyev – Ərdoğan qardaşlığı timsalında özünün ən yüksək inkişaf mərhələsindədir. Ölkələrimizin qarşılıqlı əməkdaşlığı, birgə hədəfləri onu deməyə əsas verir ki, müştərək inkişaf xətti daha da dərinləşəcək və güclənəcək. Prezident İlham Əliyevin təbirincə desək: “Türkiyə– Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inki-şafı üçün birgə səylər göstəririk”.

Azərbaycan–Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusən də hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dəcərə müstəsna təminatdır. Bu mənada başlıca məqamlardan biri 44 günlük Vətən müharibəsi ilə bağlıdır. Qardaşlığın mühüm sınağı olan bu savaş hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi kimi yaddaşlara yazıldı.

Böyük tarixi sınaqlardan uğurla çıxmış Azərbaycan–Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır, dinamik struktura malikdir. İqtisadiyyat, ticarət, elm, təhsil, hərbi sahədə əməkdaşlıq, dünyanın müasir informasiya məkanında birgə təmsilçilik və sair istiqamətlər üzrə keçmişə əsaslanmış etibarlı baza var. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəltmişdir. Postmünaqişə dövründə işğaldan azad edilmiş Qarabağ ərazilərində vüsət almış tikinti-quruculuq işlərində Türkiyə şirkətlərinin geniş təmsilçiliyi, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının qarşısının alınmasında, dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi dəstəyi türk xalqı və ictimaiyyəti böyük minnətdarlıqla qeyd edir və yüksək dəyərləndirir.

Prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra Türkiyəyə səfəri isə qarşılıqlı işbirliyində yeni səhifə açmış oldu. Səfər zamanı siyasi, hərbi, iqtisadi, ticarət, mədəniyyət, enerji və s. sahələrdə olan mövzular diqqətdə saxlanıldı. Onu da nəzərə alaq ki, bir sıra sənədlərlə, xüsusilə də Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş iki ölkənin strateji müttəfiqliyi istər regional, istər beynəlxalq məsələlərdə dövlətlərin bir-birinə dəstəyi baxımından son dərəcə vacibdir.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bir sıra önəmli açıqlamalarla çıxış etmişdir.  O, Türk dünyasının birləşməsinin, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəyinə əminliyini ifadə etmişdir. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də onun dəvəti ilə bu görüşdə iştirak edəcəyinin anonsunu vermiş və bunun bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəyini bildirmişdir. Göründüyü kimi, hər zaman sözünə də imzası qədər dəyər verən cənab İlham Əliyev artıq Türk dünyasının həmrəyliyi və inkişafı istiqamətində tarixi təşəbbüslərlin müəllifinə çevrilmişdir.

Azərbaycan və Türkiyə prezidentləri istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində bu günümüzün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi  apararaq gələcək hədəflərin mesajlarını vermişlər. Bu gün Türkiyə-Azərbaycan birliyinin  təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən Prezident İlham Əliyev bu münasibətləri geniş bir coğrafiyanı əhatə edən regionda, o cümlədən Cənubi Qafqazda və Xəzərətrafı bölgədə sülh və sabitliyin, iqtisadi tərəqqinin  reallaşmasına töhfə verən amil kimi dəyərləndimişdir.

Nəticə ondan ibarətdir ki, Bakı və Ankara arasındakı əlaqələr gündən-günə möhkəm təməllər üzərində dərinləşməkdədir. Hazırda bir çox dünya dövlətləri bu qardaşlıq münasibətlərinə böyülk qısqanclıqla yanaşsalar da, əlaqələrimizə xələl yetirməyə çalışsalar da, bütün bunlara rəğmən ictimai fikirdə belə bir əminlik mövcuddur ki, Bakı və Ankara işbirliyi bundan sonra getdikcə genişlənməkdə və güclənməkdə davam edəcəkdir.

Beəliklə, qardaşlığın əsl nümunəsini dünyaya nümayiş etdirən iki ölkə əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını atdıqları bütün addımlarda aydın şəkildə göstərirlər. Bu baxımdan şübhə yoxdur ki, Prezident seçkilərindən sonra dövlətimizin başçısının ilk olaraq Ankaraya səfəri Türkiyə və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında dinamizm meyillərini gücləndirən amildir.