YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əgər güclü Azərbaycan qurmasaydıq...

Səfa Ağayev

YAP İmişli rayon təşkilatının sədri

Azərbaycanın müasir tarixinin daha bir qürurverici səhifəsi yazıldı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. 7 fevral tarixində Zəfər seçkiləri keçirildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilərdə xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində bir daha xalqımıza göstərdiyi etimada və dəstəyə görə təşəkkürünü bildirdi və  belə bir əminliyi də ifadə etdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Zəfər seçkiləri kimi tarixə yazılan bu siyasi kampaniya, eyni zamanda, cənab İlham Əliyevin son 20 ildə gördüyü işlərin, qazanılan uğurların təqdimatı oldu. “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq,  öz taleyimizi özümüz həll edirik.

Son 20 ildə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Cənab İlham Əliyev tarixi Zəfərimizə gedən yolu geniş təhlil edərək bildirdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. 300-dən çox şəhər və kənd azad olundu. O cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edildi. Qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Şəhidlərimizin  və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayır və qurub-yaradırıq.

Andiçmə mərasimində “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən dövlət başçısı bununla yanaşı, belə bir  reallığı da xüsusi vurğuladı ki,  ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər,  böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. İllər keçdikcə  ümidlərimiz də tükənirdi. İşğalçı dövlət hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ölkəmiz 30 illik işğal dövründə danışıqlar prosesinə qatılmaqla yanaşı, həmçinin bütün sahələrdə gücünü, qüdrətini artırdı. Silahlı Qüvvələrimiz qələbəyə hazırlandı. Azərbaycan informasiya cəbhəsində də üstünlüyü qazandı. Ölkəmizin diplomatik uğurları biri-birini əvəzlədi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Vətən müharibəsi bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Elə gənc nəsil yetişdi ki, Vətən, torpaq, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də getdilər. Bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik. Dünya bir daha belə bir reallığın şahidi oldu ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi.  44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmadı, ancaq irəli getdi. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, qarşımızda ağ bayraq qaldırdı, təslim oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı.

Tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması istiqamətində səylərimizi davam etdirdik. Azərbaycan məsələni sülh danışıqları əsasında həllinə çalışsa da Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarını davam etdirdi. Vəziyyətin bu şəkildə davamı antiterror tədbirlərini qaçılmaz etdi. Beləliklə, Silahlı Qüvvələrimizin ötən ilin 19 sentyabr tarixində həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi, indi yeni dövr başlayır. Bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. “Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi: “Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”

Tarixi Zəfərimizin reallıqları əsasında üç ildən artıqdır ki, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev bugünədək görülən işlərə diqqəti yönəldərək hədəfləri açıqladı. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Məqsəd  azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb.  Böyük Qayıdış proqramının birinci mərhələsinin 2026-cı ilin sonunda başa çatdırılacağı nəzərdə tutulub. O vaxta qədər 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Prezident İlham Əliyev andiçmə mərasimində  hədəfləri açıqlayarkən keçilən yola, qazanılan uğurlara söykənərək belə bir əminliyi də səsləndirdi: “ Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.”

DİGƏR Xəbərlər Arxiv