YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Paris Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini açıq şəkildə dəstəkləyir

Paris Ermənistanın Azərbaycana qarşı təcavüzkar, terrorçu və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləyir.

Bu barədə Moskvada keçirilən “Millətlərin azadlığı uğrunda!” forumda çıxış edən Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli bildirib.

O qeyd edib ki, Fransa neokolonializm siyasəti aparan ölkələrdən biridir. Ə.Hüseynli əlavə edib: “Bu ölkənin Afrikada və başqa qitələrdə apardığı siyasət milyonlarla günahsız insanın əsas hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnib. Rəsmi Paris Ermənistanın Azərbaycana qarşı təcavüzkar, terrorçu və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləyir. Fransa son zamanlar Azərbaycana münasibətdə qərəzli mövqeyini gücləndirib”.

Ə.Hüseynli vurğulayıb ki, hakim Yeni Azərbaycan Partiyasının bu məsələdə mövqeyi həmişə açıq-aydın olub: “Biz yeni müstəmləkəçilik ekspansiyası metodlarını açıq şəkildə pisləyirik. Prezident İlham Əliyevin şəxsində ölkəmizin rəhbərliyi bu mənfi proseslərə mane olmaq məqsədilə müxtəlif siyasi platformalardan istifadə edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu struktur çərçivəsində müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları dəstəkləmək üçün geniş fəaliyyət göstərib”.

Milli Məclisin sədrinin birinci müavini xatırladıb ki, bu məqsədlə təsis edilən Bakı Təşəbbüs Qrupu uğurlu fəaliyyət göstərir. Ötən ilin oktyabrında və noyabrında Bakıda bu mövzularla bağlı konfranslar keçirilib. “Bu günlərdə cənab İlham Əliyev xalqların müstəmləkə zülmündən azad olması uğrunda mübarizəyə ölkəmizin dəyişməz sədaqətini bir daha ifadə etdi”, -deyə Ə.Hüseynli sözlərinə yekun vurub.