YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir tariximizin növbəti şanlı səhifəsi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

2024-cü il, 7 fevral, həmin gün Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın yüksək bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə, vətəndaşlarımızın növbəti 7 il üçün dövlət başçısını seçməsi ilə əlamətdar idi. Bununla da Azərbaycanda yeni dövrə, Qarabağlı, Şərqi Zəngəzurlu bütünləşmiş Azərbaycanın inkişafına qədəm qoyuldu. Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 20 ilin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından bu günə qədər keçdiyimiz yol düzgün yoldur. Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkisinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu. İlham Əliyevin seçkidəki qələbəsi xalq-dövlət birliyinin növbəti təntənəsi idi. 14 fevral tarixində keçirilən inaqurasiya mərasimində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı prioritetlərin ardıcıllığını göstərdi. İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda ordu qurculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi, xarici risklərdən qorunmaq, milli birlik, azərbaycançılıq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, iqtisadi və sosial sahədə inkişaf, yoxsulluq və işsizliyin aradan qaldırılması, xarici investisiyaların cəlbi, nəqliyyat infrastrukturu, tranzit imkanlarından faydalanmaq, texnoloji və süni intellekt sahəslərinin inkişafından, xarici siyasətin əsas prioriteti kimi isə Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investsiyası mühitinin daha da yaxşılaşdırılması, eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. İlk növbədə gələcək illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Bu istiqamətdə 2020-ci ildən sonra atılmış addımlar, 2023-cü ildə bir sutkadan qısa müddətdə həyata keçirilən antiterror əməliyyatları deyilənlərə sübutdur. Silahlı Qüvvələrimizin gələcək inkişafı üçün lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Silahlı birləşmələrimiz daim düşmənə cavab verməyə hazır vəziyyətdədir. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal verilmiş adekvat cavab dediyimizin təsdiqidir. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması öz prioritetliyini qorumaqla yanaşı, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir. Bu, Qarabağ iqtisadiyyatının yenidən formalaşması və reinteqrasiyası deməkdir. Bu ərazilərimiz Azərbaycan üçün 10 milyard manatdan artıq yeni dəyər formalaşdıra biləcək. Bu kontekstdən Qarabağ və Şərqi Zəngəzur yeni dövrdə Azərbaycanın iqtisadi inkişafının yeni hərəkətverici qüvvələrindən birinə çevriləcək. Əzəmətli tarixə çevrilmiş inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Ötən 20 ildə İlham Əliyevin rəhbərliyi ilə respublikamız ulu öndərin həyata keçməyən ideyalarını layiqincə reallaşdırdı. Ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin ən güclü və qüdrətli Azərbaycanını yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkənin ərazi bütövlüyünə nail oldu, milli qürurumuzu, mənliyimizi geri qaytardı.