YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspertlər mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizə məsələlərini müzakirə edəcəklər

Avqustun 12-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçıları olan dövlətlərin ərazilərində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi haqqında qərar layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.

Büronun yaradılması barədə qərar MDB ölkələrinin hökumət başçıları tərəfindən 1993-cü ildə qəbul edilib.

Sözügedən Büro mütəşəkkil cinayətkarlığa, terrorizmə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və digər təhlükəli cinayət növlərinə qarşı mübarizədə MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin və dövlət orqanlarının səmərəli qarşılıqlı fəaliyyətinin təmin olunmasına xidmət edən, daim fəaliyyətdə olan orqandır.

Büro kompleks operativ əməliyyat-axtarış tədbirlərinin hazırlanmasına və keçirilməsinə, cinayət təqibindən və hökmün icrasından gizlənən şəxslərin dövlətlərarası səviyyədə axtarışına və təslim edilməsinə dəstək göstərir.

Büro cinayətkar aləmin liderləri, beynəlxalq səviyyəli cinayətkar birliklərin təşkilatçıları və fəal iştirakçıları, onların cinayətkar əlaqələri haqqında ixtisaslaşdırılmış məlumat bankının yaradılması istiqamətində iş aparır, MDB ölkələrinin əlaqədar daxili işlər nazirliklərini sorğu əsasında və ya təşəbbüskarlıq qaydasında müvafiq informasiya ilə təmin edir.

MDB Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının və Daxili İşlər Nazirləri Şurasının mütəşəkkil cinayətkarlığa, terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və digər təhlükəli cinayət növlərinə qarşı mübarizə sahəsində qərarlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək də Büronun funksiyalarından biridir.