YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Həsən Ruhani: İran xarici siyasətində Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verir

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayev avqustun 4-də Prezident Həsən Ruhani ilə görüşüb.

Görüşdə Həsən Ruhani deyib ki, İran xarici siyasətində Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsinə üstünlük verir və ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olmasını dəstəkləyir.

İran Prezidenti əlaqələrin inkişafından məmnunluğunu bildirərək rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərin xalqlarımızın maraqlarına cavab verdiyini deyib. Vurğulayıb ki, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün müxtəlif sahələrdə böyük imkanlar mövcuddur.

Prezident Həsən Ruhani Şimal-Cənub dəhlizinin qarşılıqlı əlaqələrin möhkəmlənməsindəki xüsusi roluna toxunaraq qeyd edib ki, Azərbaycan İranın Qafqaz bölgəsi ilə əlaqələrinin möhkəmlənməsində tranzit ölkə ola bilər. Azərbaycan da İran vasitəsilə Fars körfəzinə və Oman dənizinə çıxa və bölgənin digər məntəqələri ilə iqtisadi əlaqələr qura bilər. Buna görə də mövcud imkandan istifadə etmək üçün əməkdaşlığı gücləndirmək zəruridir.

Qonşu ölkənin dövlət başçısı enerji sahəsində də əlaqələrin gücləndirilməsini mühüm hesab edərək nəzərə çatdırıb ki, iki ölkənin Xəzər dənizində birgə investisiya imkanları neft və qaz sektorlarında müştərək sərmayə yatırımları üçün münasib başlanğıc ola bilər.

Şahin Mustafayev Qərb dövlətləri ilə nüvə proqramına dair müzakirələrdəki böyük uğur münasibətilə İran xalqını təbrik edərək deyib ki, Azərbaycan dövləti və xalqı İranın bu böyük nailiyyətinə sevinir. Azərbaycan əmindir ki, bu razılaşma nəinki regionda, eləcə də dünyada sülhün və sabitliyin xeyrinə olacaq, xalqlarımız üçün fayda gətirəcək.

Nazir iki ölkə prezidentlərinin ötən il həyata keçirdikləri qarşılıqlı rəsmi səfərlərdən sonra ikitərəfli əlaqələrin və əməkdaşlığın yüksələn xətlə inkişaf etməkdə olduğunu vurğulayıb. Şahin Mustafayev, həmçinin Tehrana səfərində onu müşayiət edən yüksək səviyyəli heyətin tərkibinə toxunaraq deyib ki, Azərbaycan İran ilə enerji, ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, neft, neft-kimya və bank sahəsi də daxil olmaqla müxtəlif sahələrdə münasibətləri genişləndirmək əzmindədir.

Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin xüsusi məktubunu İran Prezidenti Həsən Ruhaniyə təqdim edib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.