YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur

«Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur». Bu fikri iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, Azərbaycanda 4 min 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var. Onun sözlərinə görə, hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsi aparılıb: “Buna görə də bu iş vaxt və məsuliyyət baxımından uzun proses tələb edir. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmış və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının bu məsələ ilə bağlı ilk qərarı ilə dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb: “20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enmişdir. Ümumilikdə isə hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enmiş, qalan hissəsinin qiyməti isə dəyişməmişdir”.

Qiymətlərin tənzimlənməsi ilə şəffaflığın təmin ediləcəyini bildirən nazir vurğulayıb ki, bununla da süni qiymət artımının qarşısı alınacaq: “Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcəkdir”.

DİGƏR Xəbərlər Arxiv