YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gücünü xalqdan alan və hər bir vədini yerinə yetirən Liderimizə səs verməliyik!

Naqif Həmzəyev

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının ardından ötən 30 illik zaman müddətində olduqca çətin tarixi dövrlərdən keçərkən mühüm əhəmiyyətli bir fakt özünü dəfələrlə təsdiq etmişdir. Əgər dövləti idarə edən şəxs kifayət qədər qətiyyətli və səriştəlidirsə, onun bu xüsusiyyətləri dövlət müstəqilliyi və dövlətçilik amilinin güclənməsinə təkan verəcək. Tam tərsi isə dövlət idarəçiliyində kifayət qədər təhlükəli siyasi vakum formalaşmasına gətirib çıxarır.

Bu mənada, Ulu Öndərin Heydər Əliyevin miras qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən şərəfli yol Azərbaycanı həqiqi mənada tarixi Zəfərlərə və Qələbələrə aparıb. Bütün bunlar nəinki yaşı 10 illiklərlə ölçülən Azərbaycan Respublikasının, eləcə də yaşı yüzillərlə, min illərlə ölçülən dövlətçiliyimizin, xalqımızın özünü təsdiqləyən Zəfər kodeksidir. Vaxtilə Ulu Öndərin Xankəndidə erməni təxribatlarının qarşısını alarkən göstərdiyi qətiyyətli mövqe Prezident İlham Əliyevin rəhbərliyi ilə təkrarlandı. Amma bu dəfə Xankəndidə kök salmış zəhərli sarmaşıq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruğun gücünü xalqdan alan Azərbaycan Ordusunun qüdrəti sayəsində kökündən çıxarıldı. Beləliklə, Xankəndi yenidən müstəqil günlərinə qayıtdı.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini verməzdən öncə Ulu Öndərin məzarını ziyarət edərək ata vəsiyyətini yerinə yetirdiyini qürur hissi ilə bütün Azərbaycan xalqına bildirdi. Dövlət başçısının “Şuşasız işimiz yarımçıq qalacaqdı” fikrini eşidərkən vaxtilə Ulu Öndərin Şuşaya etdiyi ziyarətlər ilk olaraq ağla gəlir. 1905-1907, 1918-1920-ci illər hadisələri zamanı ermənilərin viran qoyduğu evləri görən Heydər Əliyev mədəniyyətimizin beşiyi olan Şuşaya böyük qayğı göstərmişdir. Şuşa, həqiqətən də, Azərbaycanın incisidir və tarixi Qələbə Şuşasız yarımçıq qalacaqdı. Şuşa əməliyyatı isə nəinki bu gözəl diyarın azadlığını, eləcə də bu müqəddəs şəhəri azad edənlərin hünərini tarixə qızıl hərflərlə yazdı. Bu gün dünyanın beyin mərkəzləri hələ də bu suala cavab axtarır. Azərbaycan Ordusu necə peşəkarlaşdı ki, Şuşa əməliyyatını uğurla həyata keçirə bildi?!

Prezident İlham Əliyev 2003-cü ildən etibarən Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı sadəcə 20 il ərzində bugünkü yüksək inkişaf səviyyəsinə gətirib çıxardı. Bu gün Azərbaycan Respublikası tarixinin elə bir mərhələsini yaşayır ki, heç bir dönəmdə bu qədər müstəqil, güclü və qətiyyətli olmamışdır. ABŞ Konqresi SSRİ-nin dağılmasından sonra ortaya çıxan yeni respublikaların müstəqilliklərinin dəstəklənməsi məqsədilə 1992-ci ildə “Azadlığa Dəstək Aktı”nı (FSA) qəbul etdi. Hər bir halda SSRİ-nin qalıqları üzərində ayağa qalxaraq öz müstəqilliyini möhkəmləndirməyə çalışan yeni respublikalar, o cümlədən Azərbaycan üçün istənilən xarici yardım həyati əhəmiyyət daşıyırdı. Lakin belə bir tarixi-siyasi şəraitdə erməni lobbisinin təzyiqi ilə 1992-ci il oktyabrın 24-də həmin qanunun 907-ci bölməsinə Azərbaycan hökumətinə ABŞ tərəfindən istənilən birbaşa yardımı qadağan edən düzəliş qəbul edildi. ABŞ-nin bu əsassız qərarı ilə dövlət yardımı qadağan edilərkən ölkəmizə böyük çətinliklər törətmişdi. Bu gün isə Azərbaycan nəinki bu kimi yardımlardan asılı deyil, hətta yardım alan dövlətdən donor dövlətə transformasiyanı tamamlayıb. Azərbaycan onlarla dövlətə humanitar və inkişafyönümlü yardımlar göstərməkdədir. COVID-19 pandemiyasının dünyanı cənginə aldığı dönəmdə Azərbaycan 80-ə yaxın ölkəyə beynəlxalq yardımlar göstərdi. Bu gün həmin ölkələr Azərbaycanı özlərinə dost, tərəfdaş bilərkən siyasi maraqları yox, məhz çətin zamanlarda dövlətimizin göstərmiş olduğu əsaslı yardımları nəzərə alırlar. Bu gün Azərbaycan elə bir qüdrətli dövlətə çevrilib ki, tarixi Zəfərdən dərhal sonra heç bir donor və ya kömək olmadan işğaldan azad etdiyi torpaqların yenidən qurulmasına başladı.

Dövlət başçısının cari ilin 10 yanvar tarixində yerli telekanallara müsahibəsi zamanı açıqladığı mühüm detallardan biri də bu idi ki, 2024-cü ildə keçmiş sakinlərin 5 şəhərə, Xocalı, Xankəndi, Şuşa, Cəbrayıl və Kəlbəcərə, 2025-ci il üzrə isə digər 3 şəhərə, Zəngilan, Qubadlı və Ağdama qayıdışı baş tutacaq. Bu ərazilərdəki bütün infrastruktur, o cümlədən yaşayış evləri, demək olar ki, sıfırdan və tamamilə dövlət büdcəsi hesabına qurulur. Dünyada çox az dövlət var ki, torpaqlarını işğaldan azad edərək həmin ərazilərdə kütləvi basdırılmış mina və partalamamış sursatları zərərsizləşdirsin. Həmçinin bütün infrastrukturu yenidən quraraq, sakinlərini qısa müddət ərzində bu torpaqlara köçürə bilsin. Bütün bunlar kifayət qədər fiskal məbləğ tələb etməklə birlikdə, düşünülmüş əsaslarla atılan dövlət siyasəti və qətiyyətli iradə tələb edir. Bu baxımdan isə, dövlət başçısının qətiyyəti, xalqdan aldığı gücü özünün siyasi təcrübəsinə əks etdirə bilməsi bütün prosesin mənəvi əsasını təşkil edir.

Cənab İlham Əliyevin 7 fevral tarixinə seçkilər təyin etməsi dövlətimizin hər bir dövrünə incə yanaşmasını göstərir. Zəfər seçkiləri çox böyük bir dövrə son qoyaraq, ölkəmizin qarşısında yeni missiyalar və hədəflər müəyyənləşdirəcək. Buna görə xalqımızın bu yeni və məsuliyyətli dövrə kiminlə davam edəcəyi məsələsi hazırkı dövr üçün prioritetimiz olmalıdır. Yeni dövrdə qarşılaşdığımız çətinliklər daha da arta bilər. Çünki Qarabağ düyününün açılması bir çox dövlətlərin geosiyasi ambisiyalarını onların uydurma oyunları ilə birlikdə tarixin ən rəzil tərəflərinə basdırdı. Onlar yeni oyunlar qurmağa və fərqli planlarla bizə qarşı təzyiq göstərməyə çalışacaqlar. Prezidentimiz bu kimi dövlətlərin maskasını açmağı bacarıb. Müəyyən qüvvələr Azərbaycanı bir vaxtlar ikili standartlarla barışdırmağa çalışırdılarsa, artıq bizim güclü dövlətimiz regionda mövcud yeni reallıqların müəllifidir. Bu iki amil arasındakı fərqi başa düşmək üçün keçmiş Qarabağ məsələsinin tarixinə nəzər salmaq kifayət edir.

Prezident İlham Əliyev ölkəmizin yeni dövrdəki siyasi kodeksinin artıq bir neçə detalını bölüşüb. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş sakinlərin köçürülməsi, dövlətimizin yaşıl enerji sahəsində əsas güclərdən birinə çevrilməsi, iqtisadiyyatın daha da gücləndirilməsi, dünya dövlətləri ilə qarşılıqlı-faydalı münasibətlərin inkişaf etdirilməsi və s. məsələlər yeni dövrün əsas hədəfləridir. Bütün bu sadalananlar isə əvvəlkindən heç də az olmayacaq siyasi iradə və qətiyyət tələb edir. Hazırda bütün bunlar baxımdan dövlət başçısının mövqeyinə çata biləcək ikinci bir müdrik şəxsiyyət yoxdur. Vurğulamaq istərdim ki, Azərbaycan xalqı yeni dövrə doğru addımlayarkən rəhbər amilinə xüsusi önəm verməlidir. Ulu Öndərin və dövlət başçısının siyasi kursu özünü artıq nəinki Azərbaycan xalqına, bütün dünyaya təsdiqləyib. Azərbaycan Respublikasının, xalqımızın prioritet maraqları əmin və etibarlı əllərdədir. Bu qətiyyət xalqdan qazandığı gücü düşmənlərimizə qarşı dəmir yumruğa çevirməkdə mahirdir.

Azərbaycan vətəndaşları olaraq dövlətimizin, dövlətçiliyimizin inkişafında hər birimizin üzərinə düşən ümdə vəzifə var. İlk növbədə bizim borcumuzdur ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində addımları dəstəkləyək. Konstitusiyamız təsbit edir ki, seçmək və seçilmək, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək hər bir Azərbaycan Respublikası vətəndaşının hüququdur. Bu hüquqdan irəli gələn vəzifələrimizi icra etməliyik ki, inkişaf prosesinə öz töhfəmizi verə bilək.

Azərbaycan dövləti Prezident İlham Əliyev rəhbərliyi ilə bu gün müstəqillik tarixinin ən güclü və ən müstəqil dönəmini yaşamaqdadır. Əminəm ki, yeni geosiyasi reallıqlar şəraitində dövlətimizin həm daxili, həm də xarici siyasəti qarşısında müəyyənləşmiş və müəyyənləşəcək yeni hədəflərə doğru elə bir Liderlə davam etməliyik ki, sözün əsl mənasında bütün çətinliklərə qalib gələk. Bizim qalib Liderimiz xalqımıza doğru yol göstərə biləcək qətiyyətə sahibdir. Bütün bu keyfiyyətlər isə bizi sadəcə bir ünvana aparır. 7 fevral prezident seçkilərində Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam bərpa edən, bizə qarşı yönəldilən meyillərə cəsarətlə meydan oxuyan, sosial-iqtisadi inkişafı bütün göstəricilərlə yeni mərhələyə çıxaran Prezident İlham Əliyevi hamılıqla dəstəkləməliyik.

Bütün xalqımızı seçki prosesində fəal iştirak etməyə, bizə tarixi Zəfərləri bəxş edən qalib Liderə səs verməyə çağırıram. Bizim ümdə vəzifəmiz bütün fəaliyyətimizlə Prezidentimizin ətrafında sıx birləşərək Onu dəstəkləməkdir. Bu baxımdan, gücünü xalqdan alan rəhbərə, hər vədini yerinə yetirən Lider İlham Əliyevə səs vermək, Onu yenidən Azərbaycan Respublikasının Prezidenti seçmək növbəti dövrdə yeni hədəflərin başlanğıcı olacaqdır.