YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şixezi-Dostık-Aktau-Ələt” marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdı

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu – “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” marşrutu üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdı.

İlk konteyner qatarının qarşılanma mərasimində Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, nəqliyyat nazirinin müavini Arif Əsgərov, Çinin, Qazaxıstanın və Gürcüstanın ölkəmizdəki səfirləri və digər rəsmi şəxslər iştirak edirlər.

Əvvəlcə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı videoçarx nümayiş olundu.

Məlumat verildi ki, qatar 41 platforma vaqonundan ibarət olmaqla, 20 tonluq (FEU) 82 konteyner daşıyır. Nəql olunan kaustik sodadan ibarət yükün həcmi hər bir konteynerdə 21,6 ton olmaqla, ümumilikdə 1771, 2 ton təşkil edir. İlk sınaq konteyner qatarı iyulun 28-də Çinin Şixezi şəhərindən start götürüb, iyulun 31-də Qazaxıstanın Aktau limanına, avqustun 3-də isə Azərbaycana - Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Yük “Ksindjianq Tianye Qrup Forin Ko Limited” şirkəti tərəfindən göndərilib və “Şəfəq-1” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən qəbul olunub.

Transxəzər marşrutu üzrə hərəkət edəcək ilk sınaq konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) inkişafı üzrə Koordinasiya Komitəsində əldə olunan razılığa əsasən təşkil edilib. Layihə “Qazaxıstan temir jolı” SC, “Çin Dəmir Yolları” (ÇSR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.

Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, BTNM marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.

Sentyabrda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

DİGƏR Xəbərlər Arxiv