YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgi keçirilir

 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı incəsənət növləri üzrə peşə təlimində olan gənclərin əl işlərindən ibarət “Gənclərin incəsənət sevgisi” adlı sərgi (“Park Bulvar” ticarət mərkəzi, II mərtəbə) təşkil olunub. Sərginin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, əlil ictimai birliklərinin  nümayəndələri, sənətsevərlər iştirak edib.

Tədbirdə bildirilib ki, 2014-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına, onların məşğulluğunun dəstəklənməsinə Prezident qayğısının növbəti təsdiqi olub. Təkcə cari ilin birinci yarımilində Mərkəzdə 258 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşələr üzrə peşə hazırlığı kursları keçib ki, onlardan 144 nəfəri artıq kursları başa vurub. Gənclər mərkəzdə təlim müddətində dövlət hesabına yataqxana, yemək, kommunal və tibbi xidmətlə də təmin olunurlar.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə kompyuter istifadəçisi, bərbər, aşbaz, dərzi və digər peşələrlə yanaşı, rəssamlıq, xalçaçılıq, ağac üzərində oyma, toxuculuq və s. kimi istedad və qabiliyyət tələb edən tətbiqi sənət növləri üzrə kurslar da fəaliyyət göstərir. Gənclərin həmin sənət növlərində malik olduqları müəyyən qabiliyyətlər xüsusi təlim məşğələləri şəraitində daha da təkmilləşdirilir. Eyni zamanda tanınmış mütəxəssislər tərəfindən onlar üçün vaxtaşırı olaraq bu və ya digər sənət növü üzrə treninqlər, ustad dərsləri də keçirilir.

Mərkəzdə peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgilərin təşkili də diqqətdə saxlanılır. Hazırda keçirilən “Gənclərin incəsənət sevgisi” adlı sərgi də bu istiqamətdə növbəti tədbirlərdən biridir. Azərbaycan Gənclər Fondu ilə birgə təşkil edilən bu sərgi sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq imkanlarının cəmiyyətə təqdim edilməsi və təbliği, onların cəmiyyətin mədəni həyatında iştirakının dəstəklənməsi məqsədinə xidmət edir. Tədbirdə belə sərgilərin sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyasında, yaradıcılıq imkanlarının dəstəklənməsində və təbliğində xüsusi önəm kəsb etdiyini, eyni zamanda mədəni həyatımız üçün yaddaqalan olduğunu vurğulayıblar.

Daha sonra sərgidə təqdim olunan əl işlərinə baxış olub. Sərgidə mərkəzdə xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma üzrə hazırlıq kurslarında təlimdə olan 10 nəfər sağlamlıq imkanları məhdud gəncin, eləcə də mərkəzdə kursları artıq başa vurmuş ayrı-ayrı gənclərin 100-dən çox əl işi təqdim olunur. Onlardan Kəmalə və Solmaz Səfərovaların, Nihad Məmmədovun, Səbinə Allahverdiyevanın, Ramin Səfərlinin, Səbuhi Talıbovun, İlqar Kazımovun, Ülkər Əsgərovanın və digərlərinin müxtəlif mövzularda tətbiqi sənət nümunələri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.

Sərgi iyulun 31-də də davam edəcək.