YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda yerləşən Memarlar Birliyi Məktəbi YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Bakıda praktik məşğələlər keçirəcək

Londonda yerləşən Memarlar Birliyi (Architecture Association – AA) Məktəbi avqustun 25-dən sentyabrın 4-dək Bakıda YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə praktik məşğələlər keçirəcək.

YARAT-dan bildirilib ki, "AA Baku Məktəbi" istedadlı şəxslərin qarşısında açılan, onların öyrənmək və novatorçu təşəbbüslərini nümayiş etdirən gözəl bir imkandır. Bundan əlavə, sözügedən tədbirin iştirakçıları müvafiq tarixlərdə təcrübəli müəllimlər və başqa ölkələrdən gəlib "AA Baku Məktəbi"nə qatılan dinləyicilərlə bilavasitə ünsiyyətdə olacaq və bunun sayəsində dünya miqyaslı təcrübəyə yiyələnəcəklər.

Londonda yerləşən nüfuzlu Memarlar Birliyinə birbaşa aidiyyəti olan "AA Baku Məktəbi" Qafqaz regionunda ilk səyyar məktəb olaraq, Asiya ilə Avropada fəaliyyət göstərən bu cür məktəblər şəbəkəsinə daxildir. Məktəbin işini AA Birliyinin müəllimləri – memarlar Omid Kamvari və Kasper Əks quracaqlar. Onlar Bakının zəngin tarixini, yurdumuzun Qərblə Şərqi birləşdirən yollarda yerləşməsini, ölkə hüdudlarının necə sosial, mədəni və siyasi dəyişikliklərə meydan olduğunu tədqiq edəcəklər. Dinləyicilərə Azərbaycanın özünəməxsus mövqeyini və qonşuları ilə münasibətlərini nəzərə almaqla, ölkəmizin gələcəyini tədqiqat hədəfi kimi ortaya qoyan aktiv bir praktiki məşğələdə iştirak etmək təklif olunacaq.

Həm yerli, həm də qlobal baxımdan Bakının bugünkü və gələcək məkan quruculuğu ideyalarına maraq göstərən və 17 yaşı tamam olmuş şəxslər – istər formalaşan, istərsə də tam formalaşmış memar, rəssam, alim, mühəndis, kurator və yazarlar məktəbə qəbul edilirlər. İştirakçılar lazım olan materiallar ilə təmin ediləcək, yaşayış yeri ilə isə təmin olunmayacaqlar. Dərslər ingilis dilində keçiriləcək.

Bu praktik məşğələ ayrıca hissələrdən təşkil olunaraq, xüsusi obyektlərə ziyarət, model üzərində çalışma, eləcə də müxtəlif material sistemləri və məkan konqlomeratlarına dair mövzular ətrafında debat və müzakirələrdən ibarət olacaq. Praktik məşğələnin sonunda isə dinləyicilər öz işlərini sərgidə nümayiş etdirəcək və məkan barədə ideyaların geniş müzakirəsini keçirəcəklər.