YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sosial xidmətlərin inkişafı üzrə yeni layihə təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Azərbaycanda sosial xidmətlərin inkişafı” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, Tvinninq layihəsi çətin həyat şəraitində olan şəxslərin sosial inklüziyasının təmin edilməsi və müvafiq sahədə qanunvericiliyin, institusional mexanizmlərin daha da təkmilləşdirilməsində ƏƏSMN-ə dəstək göstərməkdən ibarətdir. Bununla bağlı olaraq, layihə çərçivəsində görüləcək işlərdə Avstriyanın müvafiq dövlət qurumu ilə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.

Qeyd olunub ki, hazırda ƏƏSMN-nin sosial xidmət müəssisələrində 1182 nəfər tam dövlət təminatında yaşayaraq, stasionar şəkildə sosial xidmətlə, həmçinin sosial işçilər tərəfindən 12853 nəfər evlərində səyyar qaydada sosial-məişət xidməti ilə təmin olunur. Eyni zamanda nazirliyin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən 1500 nəfər ehtiyacı olan uşağa və onların ailələrinə sosial xidmətlər göstərilir. Hazırda ölkəmizdə sosial xidmətlər sisteminin mütərəqqi təcrübədən istifadə olunmaqla daha da inkişaf etdirilməsi əsas vəzifələrdən biridir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində Layihələr üzrə rəhbər vəzifəsini icra edən Olaf Heldebax, Avstriyanın Azərbaycandakı səfirinin müavini xanım Ute Fresner Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsində bu layihənin önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.